×
A
A
A
Sazlamalar

Tovuzdakı tarixi Şah Abbas məscidinin investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır VİDEO

Tovuz, 6 avqust, R.Novruzoğlu, AZƏRTAC

Tovuzun dağlıq Yanıqlı kəndində olan yeganə tarixi məscid qəzalı vəziyyətdə olduğundan illərdir buradan istifadə etmək mümkünsüz olub. Uçub dağılan XVII əsrin yadigarı olan bu tikilinin bərpaya ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, “xınna dərəsi” adlanan qədim tarixə malik ərazidə yerləşən Şah Abbas məscidi Birinci Şah Abbasın göstərişi ilə XVII əsrdə inşa olunub. Tarixi məscid xarici görünüşü, eyni zamanda, tikiliş üslubu baxımından Gəncədə yerləşən eyniadlı məscidlə demək olar ki, eynidir. Sakinlərin sözlərinə görə, bu məscidə uzun müddət yerli sakinlər özləri baxıb qulluq etsələr də, məscidi qoruyub saxlamaq onların gücü daxilində olmayıb.
Məscidin XVI əsrin sonu, XVII əsrin əvvəllərində inşa olunduğunu bildirən kənd sakini Məzahir Məmmədov buranın şimaldan cənuba gedən yolun kənarında yerləşdiyini deyib. O, dini ibadət üçün bu kəndin ərazisində tikilən məsciddə, həmçinin su quyusunun olduğunu, hazırda sakinlər tərəfindən istifadə edildiyini diqqətə çatdırıb. “İndi məscidin bərpaya ehtiyacı var. Sovet dövründə məsciddə yüngül təmir işləri görülüb. Bura kolxozun anbarı kimi istifadə edilib. Sonradan yenidən dağılmağa başlayıb”, – deyə kənd sakini bildirib.
Sakinlər məscid dağıldığı üçün dini bayramlarda rayon mərkəzinə getməli olurlar. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan, daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan bu məscidin hazırkı vəziyyəti sakinləri narahat edir.
Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən isə bildiriblər ki, qəzalı Şah Abbas məscidinin bərpa olunaraq yenidən istifadəsi məsələsi gündəmdədir. Bu məqsədlə Şah Abbas məscidi bərpa olunması üçün dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

Regionlar 2022-08-06 02:33:00

Video