×
A
A
A
Sazlamalar

Rabitəçi-mühəndislər üçün növbəti seminar təşkil olunub

Naxçıvan, 5 avqust, AZƏRTAC

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yüksəkixtisaslı kadr hazırlığının diqqətdə saxlanılmasına dair verilmiş tapşırığın icrası ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının aparıcı texnologiya şirkətlərindən olan “Karel” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində nazirliyin aparatının və tabeli qurumlarının mühəndislərinin biliklərinin artırılması məqsədilə seminar keçirilib.
Tədbirdə nazirliyin Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Ruhən Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikada yeni nəsil telekommunikasiya şəbəkələrinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin müasir rabitə və internet xidmətləri ilə əhatə olunması diqqət mərkəzində saxlanılır.
Həmin şöbənin baş məsləhətçisi Azər Seyidov seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması hər zaman prioritet məsələ olub. Bu səbəbdən işçilərin müvafiq peşə istiqaməti üzrə nəzəri və praktiki biliklərinin artırılması, o cümlədən ixtisaslı kadr kimi formalaşmaları istiqamətində müvafiq təlim və seminarlar keçirilir. Bugünkü keçirilən seminar da bu qəbildəndir.
Türkiyə Respublikasının rabitə elektronikası sahəsində nüfuzlu şirkətlərindən olan “Karel” şirkətinin İğdır bölgə müdiri Hasan Akot, şirkətin təcrübəli mühəndisləri Sinan Özmen və Muhammed Kalkan slaydlar vasitəsilə Karel Avtomat Telefon Stansiyalarının iş prinsipi, Karel bulud IP çağrı mərkəzi, Karel bulud İoT həlləri və qurğuları, Karel görüntülü təhlükəsizlik sistemləri və dördüncü sənaye tətbiqləri mövzularında məlumat veriblər.
Tədbirin sonunda suallar cavablandırılıb, aidiyyəti mütəxəssislərə cihazların istifadə qaydaları barədə praktiki təlim keçirilib.

* * *

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Kəngərli rayonunun telekommunikasiya şəbəkəsinin istismarında olan “Karel” şirkətinin istehsalı olan elektron avtomat telefon stansiyalarına baxış keçirilib, şirkətin mühəndisləri tərəfindən avadanlıqların texniki parametrləri barədə ətraflı məlumat verilib.

Keçirilən seminarlar muxtar respublikanın rabitəçi-mühəndislərinin ixtisaslı kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına geniş şərait yaradacaq.

Regionlar 2022-08-05 19:48:00