×
A
A
A
Sazlamalar

Məzahir Əfəndiyev: Londonda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət qəbuledilməzdir

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyimizin binasına daxil olaraq vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
“Mən bu hadisədə iştirak edən insanların əməllərini şiddətlə qınayır və Böyük Britaniyanın da 1961-ci il 18 aprel tarixində qəbul olunmuş, ölkəmizin isə 1992-ci il iyul 21-də qoşulduğu diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına dair öhdəliyi olduğunu bir daha vurğulayıram. Eyni zamanda, Azərbaycan bayrağına qarşı edilmiş hərəkət qəbuledilməzdir.
Düşünürəm ki, Böyük Britaniya hökuməti tərəfindən açılmış cinayət işi tezliklə məsələyə hüquqi qiymətin verilməsi təmin ediləcək və baş vermiş hadisədə məsul olan qurumlar götürdükləri öhdəliklərə dair öz açıqlamalarını gecikdirməyəcək”, - deyə deputat qeyd edib.

Siyasət 2022-08-05 18:51:00