×
A
A
A
Sazlamalar

Çin “Böyük yeddilər”in Tayvan bəyanatını tullantı kağız parçası hesab edir

Pekin, 5 avqust, AZƏRTAC
“Böyük yeddilər” (G7) qrupuna daxil olan ölkələrin xarici işlər nazirlərinin Tayvan bəyanatı sadəcə tullantı kağız parçasıdır. İnanıram ki, bəyanat beynəlxalq ictimaiyyətin dəstəyini və müsbət reaksiyasını heç vaxt almayacaq.
AZƏRTAC xəbər verir ki, Çinin xarici işlər naziri Van İ Çin Mərkəzi Televiziyasına müsahibəsində G7 qrupu və Avropa İttifaqının ali nümayəndəsinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri və ondan sonra yaranmış vəziyyətlə əlaqədar bəyanatını şərh edərkən belə deyib.
“G7 yığışaraq Tayvan boğazındakı cari vəziyyətə dair qondarma bəyanat qəbul ediblər. Çin “bəyanat”a sərt etiraz edir. Çünki, o, doğrunu yanlışa, ağı qaraya qarışdırır”, - deyən Van İ əlavə edib ki, əgər bu cür yanaşma davam edərsə, regionda və dünyada sülhə ciddi zərbə dəyəcək.
Çinin özünün suverenliyini, ərazi bütövlüyünü qoruduğunu, beynəlxalq münasibətləri tənzimləyən əsas normaları təmin etdiyin deyən nazir bildirib ki, dövlətlər arasındakı münasibətlərdə “Cəngəllik qanunları”nın hökm etməsinə imkan vermək olmaz.
Qeyd edək ki, avqustun 3-də G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi bəyanat yayaraq, Çin Xalq Respublikasının bu yaxınlarda elan etdiyi “hədələyici” hərəkətlərindən, xüsusilə döyüş atışlı təlimlərdən və lazımsız gərginlik yaradan “iqtisadi məcburiyyətlər”dən narahatlıqlarını ifadə ediblər.
Bəyanatda Çinin “eskalasiya reaksiyası”nın regionda gərginliyin artması və sabitliyin pozulması ilə nəticələnə biləcəyi vurğulanır.
“Böyük yeddilər” rəsmi Pekini regionda status-kvonu təktərəfli formada dəyişmək cəhdlərini dayandırmağa, məsələləri dinc yolla həll etməyə çağırıb.
G7 ölkələrinin Pekindəki diplomatik nümayəndələri sözügedən bəyanatla əlaqədar Çin Xarici İşlər Nazirliyinə çağırılaraq, onlara rəsmi Pekinin etirazı və narazılığı bildirilib. Bundan başqa, Pekin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan ölkələrinin XİN rəhbərlərinin Kambocada keçirilən görüşü çərçivəsində Çin və Yaponiya xarici işlər nazirlərinin görüşünü ləğv edib.
Xatırladaq ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-3-də Tayvanda səfərdə olub. Rəsmi Pekin Birləşmiş Ştatları “Vahid Çin” siyasətini, habelə Çinin ərazi bütövlüyünü və suverenliyini pozmaqda, regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib. Çin Tayvana qarşı bəzi iqtisadi sanksiyaların tətbiqinə başlayıb. Bundan başqa, Çin ordusu Tayvan adası ətrafında ballistik raketlər, qırıcı və bombardmançı təyyarələr cəlb olunmaqla irimiqyaslı hərbi təlimlər keçirir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müXbiri
Pekin

Dünya 2022-08-05 16:25:00