×
A
A
A
Sazlamalar

Regionlarda “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin açılış mərasimləri olub

Bakı, 4 avqust, AZƏRTAC

İyulun 30-31-də Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin Sumqayıt, Mingəçevir, Lənkəran və Qax şəhərlərində açılış mərasimləri olub.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 119 nəfərin iştirak etdiyi açılış mərasimlərində ailə münasibətləri və ailə planlanması mövzusuna həsr edilmiş təlim sessiyası keçirilib.
Tədbirlərdə BMT-nin Əhali Fondunun (BMTƏF) Azərbaycan nümayəndəliyinin əməkdaşları Səbinə Manafova və Nailə Cəfərova, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş sektorunun müdiri Nərmin Aslanbəyli, eləcə də hər bir rayonun icra nümayəndələri iştirak ediblər.
İki ay davam edəcək “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri övladlarının inkişaf prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş davranış normalarının və gender əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə vermək məqsədi daşıyır. Layihə müddətində hər həftəsonu sessiyalar şənbə günü saat 11:00-da Sumqayıt Gənclər Evində, bazar günü saat 11:00-da Lənkəran və Mingəçevirdəki Gənclər evlərində, saat 18:00-da isə Qaxdakı Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qeyd olunan bölgələrdə yaşayan, məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa və öyrənməyə həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər layihədə iştirak edə bilərlər. Layihəyə qoşulmaq üçün anketi (cutt.ly/0KAhD3G) dolduraraq və ya +994 (70) 504-45-47 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək tələb olunur.
Qeyd edək ki, “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondu, BMT-nin Qadınlar üzrə Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Gender Hub Azerbaijan” sosial platforması və “Azərbaycan Maarifçilər Assosiasiyası” tərəfindən icra olunur.

Cəmiyyət 2022-08-04 14:37:00