×
A
A
A
Sazlamalar

Ağalı kənd sakinlərinin məşğulluğunun təminatı ilə bağlı tədbirlər görülür

Bakı, 4 avqust, AZƏRTAC

Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin həlli istiqamətində işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının əməkdaşları kəndin sakinləri ilə növbəti görüşlər keçirib. Onlar Ağalı kəndində fəaliyyət göstərən müəssisələrin təklif etdiyi vakansiyalar, agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumatlandırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kənd sakinlərinin bir hissəsi əmək müqaviləsi əsasında işlə təmin olunub. Digər şəxslərin işlə təmin edilmələri üçün məlumatları işəgötürənlərə göndərilib. Artıq işəgötürənlər tərəfindən namizədlərlə görüşlərin keçirilməsinə başlanılıb. Kənddə fəaliyyət göstərən işəgötürənlərlə də görüşülüb, agentliyin işəgötürənlərə yönələn proqramları barədə məlumatlar verilib.
Son vaxtlarda kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib və onlar üçün biznes təlimləri təşkil olunub. Yaxın günlərdə həmin sakinlərə özünüməşğulluq proqramı çərçivəsində xidmət və istehsal sahələri üzrə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılacaq.
Kənd sakinləri üçün peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının bu kənddə də icrası nəzərdə tutulub.

Sosial 2022-08-04 14:06:00