×
A
A
A
Sazlamalar

Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutulub

Bakı, 4 avqust, AZƏRTAC

Qobustan rayonunun Nabur kəndindəki şəhid ailəsinə məxsus evdən məişət əşyalarının oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub. Müraciət əsasında polis əməkdaşları hadisə yerində olub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Ceyhun Abdulalıyev tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqələrinə satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

 

Hadisə 2022-08-04 13:02:00