×
A
A
A
Sazlamalar

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

Bakı, 4 avqust, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos və İsveçrənin “Signalhorn” şirkəti arasında növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən “Signalhorn” şirkəti “Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən dənizdə internet xidmətləri təqdim etməyə başlayıb. “Azerspace-1” peykinin resursları “Signalhorn” şirkətinə məxsus teleportdan birbaşa Aralıq dənizində hərəkət edən kruiz gəmilərinə ötürülür.
Qeyd edək ki, Azərkosmos qlobal peyk rabitəsi bazarının əsas seqmentlərindən biri olan dənizdə genişzolaqlı rabitə imkanlarını təkmilləşdirməyə davam edir. Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı və stabil internet xidmətləri təqdim olunur.
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Peyklər üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir.
Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulur. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətin prioritet istiqamətlərindən biridir.
Daha ətraflı məlumatı qurumun veb-saytından ala bilərsiniz.

İKT 2022-08-04 10:50:00