×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 54 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 4 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 halda yanğın və bir partlayışa çıxış, üç halda köməksiz vəziyyətdə qalma və bir nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üç nəfər xilas edilib, Şamaxı rayonunda “Shacman” markalı yük avtomobilinin aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı bir nəfər xəsarət alıb.
Həmçinin Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bina sakinləri təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2022-08-04 10:51:00