×
A
A
A
Sazlamalar

Toxum emalı prosesinə həsr olunmuş “açıq qapı” günü keçirilib VİDEO

Bakı, 3 avqust, AZƏRTAC
Toxum emalında innnovativliyi və öz təcrübəsini bölüşmək məqsədilə “Agro Dairy” şirkəti tərəfindən Hacıqabul rayonu, Muğan kəndi ərazisində yerləşən toxum emalı kompleksində “açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, “açıq qapı” günündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev, həmçinin agentliyin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin direktoru, müvafiq şöbə və sektorlarının müdirləri, taxılçılıqla və toxumçuluqla məşğul olan fermerlər, taxılçılıq və toxumçuluq təsərrüfatlarının, biznes strukturlarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının 50 nəfərdən artıq nümayəndəsi iştirak edib.
Azərbaycanın aparıcı və iri taxılçılıq şirkətlərindən biri olan və 2014-cü ildə yaradılan “Agro Dairy” şirkətinin 2018-ci ildən toxumçuluq fəaliyyəti göstərməsi, bu fəaliyyət sahəsində ölkənin ərzaq təhlükəsizliyinin artırılmasını, milli toxum ehtiyatının elmi əsaslı inkişafını və xaricidən toxum asılılığını azaltmağı hədəflədiyi iştirakçıların diqqətinə çatdırılıb.
Ümumi gücü 20 t/saat məhsul qəbul edə bilən dərin toxum təmizliyi, ölçüsünə, uzunluğuna, çəkisinə görə çeşidləmə, dərmanlama, toxumun qorunması və mükəmməl cücərməsini tam təmin edən toxum emalı xətti kompleksinin təqdimatı həyata keçirilib, emal prosesinin mərhələləri, dərmanlama, qablaşdırma, paketləmə və etiketləmə barədə ətraflı məlumat verilmiş, bütün proseslər və mərhələlər əyani olaraq nümayiş etdirilib və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Eyni zamanda, toxumla keçən xəstəliklərə, həmçinin torpaq zərərvericilərinə qarşı dərmanlamanın mahiyyəti izah edilib.
Toxum laboratoriyası, toxumun məhsuldarlıq və keyfiyyət parametrlərinin (nəmliyi, proteinin və qülütenin miqdarı, sedimentasiya, düşmə ədədi, natura çəkisi) müəyyən edilməsi üçün müasir cihaz və avadanlıqlar barədə məlumat verilmiş və nümayiş etdirilib.
“Açıq qapı” gününün sonunda iştirakçılara “Agro Dairy”də yetişdirilən payızlıq buğda və arpanın yerli və xarici sortlarının reproduksiyalar (elit və R1) üzrə toxumları və onların miqdarı, məhsuldarlıq göstəriciləri, üstünlükləri və təsərrüfat-bioloji xüsusiyyətləri toxumun istehsal xərcləri və qiymətləri barədə ətraflı məlumat verilib.
Toxum emalı prosesinə həsr olunmuş “açıq qapı” günü təcrübələrin bölüşülməsi, fikir və təcrübə mübadiləsi, toxum emalı prosesində kompakt və innovativ metodlarla tanışlıq iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb, toxum emalında vacib məsələlərin həllinə töhfə verməkdə olduqca uğurlu hesab edilib.
Şirkətin istehsal və emal etdiyi arpa və buğda toxumları barədə ətraflı məlumat almaq, eləcə də, toxum alışları üçün sifarişlərin həyata keçirilməsi üçün aşağıda qeyd olunmuş vasitələrlə əlaqə saxlamaq mümkündür: elektron poçt: [email protected], mobil: (+994 51) 201-77-55.

Regionlar 2022-08-03 12:30:00

Video