×
A
A
A
Sazlamalar

YARAT-da Dmitri Toçilkinin kompüter qrafikası üzrə ustad dərsləri keçiriləcək

Bakı, 3 avqust, AZƏRTAC

YARAT Müasir İncəsənət Mərkəzində rusiyalı mütəxəssis Dmitri Toçilkin ilə ödənişsiz 4 günlük neyrogenerativ incəsənət ilə bağlı ustad dərsləri keçiriləcək.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, dördgünlük ustad dərslərində D.Toçilkin müasir neyron şəbəkələrinin kompüter qrafikasında yeni imkanlarından danışacaq. Ustad dərsləri rəssamlar, illüstratorlar, mouşn və veb-dizaynerlər, həmçinin neyron şəbəkələrdən istifadə etməklə yeni texnologiyalarla və qeyri-adi qrafik əsərlərin yaradılması ilə maraqlananlar üçün nəzərdə tutulub.
Dərslər avqustun 9-da interaktiv mühazirə, avqustun 11-də açıq mənbə veb-alətlər ilə rəsmlər yaratmaq üzrə məşğələ, avqustun 12-də Disco Diffusion proqramında animasiyaların yaradılması, avqustun 15–də isə iştirakçıların yaratdığı əsərlərin nümayişi və müzakirəsi üzrə keçiriləcək.
İştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. İştirakçılar özləri ilə noutbuk götürməlidirlər. Dərslər rus, Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.
Qeyd edək ki, Dmitri Toçilkin 7 illik təcrübəyə malik kompüter görmə texnologiyasının tədqiqatçısıdır. O, müxtəlif illərdə “Yandex.Drone”, “Google Zurich”, “Google San Francisco”, “Huawei” və “IBM” şirkətlərində çalışıb. Hazırda neyrogenerativ açıq mənbə alətlərinin inkişafı və təcrübələri ilə məşğuldur.

Mədəniyyət 2022-08-03 11:16:00