×
A
A
A
Sazlamalar

Binəqədi rayonunun Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanılıb

Bakı, 3 avqust, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonunun Binəqədi qəsəbəsi üzrə 5,5 kilometr küçə və yolun təmiri nəzərdə tutulub. Hazırda bu istiqamətdə qəsəbənin ümumi uzunluğu 2,4 kilometr olan 4 küçəsində təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir.
Təmir işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri aparılır. Daha sonra isə küçələrdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Ümumilikdə isə agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə uzunluğu 15,4 kilometr olan küçə təmir edilib.

Tikinti̇ 2022-08-03 10:58:00