×
A
A
A
Sazlamalar

Naxçıvanda 27 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Naxçıvan, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma uyğun olaraq həssas əhali qruplarına daxil olan daha 2 nəfər aktivlərlə təmin edilib. Beləliklə, proqrama cəlb edilənlərin sayı 27 nəfərə çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni aktivlər “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Ordubad rayonunun Sabirkənd sakini Mehbalı Nağıyevə maldarlıq sahəsi üzrə iribuynuzlu heyvan və Ordubad rayon Üstüpü kənd sakini Elnur Həsənova qoyunçuluq təsərrüfatı üzrə xırdabuynuzlu heyvan və həmçinin onların qidalanması üzrə qarışıq yem olmaqla kənd təsərrüfatı sahəsində məşğulluqlarının təmin olunması məqsədilə təqdim edilib.
Memoranduma əsasən, agentliyin mərkəzlərinə müraciət edən sağlamlıq imkanları məhdud olan şəxslər, aztəminatlı ailələr, sosial qayğıya ehtiyacı olan şəhid və qazi ailələri barədə məlumatlar əsasında muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlərin verilməsi təmin edilir. İndiyədək verilən aktivlər kənd təsərrüfatı istiqaməti üzrə maldarlıq, istehsal-xidmət sahələrindən avtoçilingər xidməti, avtomobil şinlərinin təmiri, kiçik dülgər sexi, kiçik fotoatelye, qadın gözəllik salonu, telefon təmiri avadanlıqları, yerşumlayan aqreqat və kiçik dərzi sexi sahələri üçün təqdim olunub.
Həmin memorandum çərçivəsində muxtar respublika ərazisində yaşayan 50 nəfərin proqrama cəlb edilməsi nəzərdə tutulub.

Regionlar 2022-08-02 19:46:00