×
A
A
A
Sazlamalar

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib VİDEO

Şuşa, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Avqustun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əlli ölkədən 115 gəncin qatıldığı Diaspor Gənclərinin III Yay Düşərgəsini açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yay Düşərgəsinin Qarabağın incisi olan mədəniyyət paytaxtımızda keçirilməsinin tarixi önəmindən danışıb. Bir neçə ay əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində təşkil olunduğunu xatırladan komitə sədri mərasimi Azərbaycan diaspor tarixinin əlamətdar hadisələrindən biri adlandırıb və bu münasibətlə düşərgə iştirakçılarını təbrik edib. O, Vətən müharibəsindəki tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olduğunu vurğulayaraq deyib: “Azərbaycan tolerant ölkədir. Biz heç vaxt heç kimin torpağını işğal etməmişik. Siz bununla fəxr etməli və Azərbaycanın düşmənlərinə qarşı ideoloji mübarizə aparmalısınız. Biz istəyirik ki, buradan qayıdandan sonra siz yaşadığınız ölkələrin parlamentlərinə, hökumətlərinə, eləcə də beynəlxalq təşkilatlara öz mövqeyinizi bildirəsiniz. Biz çalışırıq, xaricdə yaşayan gənclərə dəstək olaq ki, onlar müəyyən mövqelərə addımlaya bilsinlər. Biz çalışırıq xaricdəki, elm, texnologiya və digər sahələrdə nailiyyətlər əldə etmiş gəncləri Azərbaycana dəvət edək və onları dövlət qurumlarının nümayəndələri ilə görüşdürək. Gənclər diaspor hərəkatına gəlməli və fəal olmalıdırlar. Bu baxımdan, diaspor fəaliyyətinin davamlılığının təmin olunması üçün Diaspor Gənclərinin Yay düşərgələrinin əhəmiyyəti böyükdür”.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva diaspor gənclərini Şuşada görməkdən məmnunluğunu bildirib və düşərgənin işinə uğurlar arzulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qeyd edib ki, ölkəmiz gənc nəslə güclü investisiya yatırır. Azərbaycan gənclərin yüksək inkişaf tempi olan ölkədir.
Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov Vətən müharibəsindəki Qələbənin məhz Ali Baş Komandanın ətrafında sıx birləşən gənclərin sayəsində qazanıldığını söyləyib.
“Regional İnkişaf” İctimai Birliyinin direktoru Məhəmməd Abdullayev Diaspor Gənclərinin Yay düşərgələrinin artıq ənənə halı almasının və diaspor hərəkatı tarixində ilk dəfə olaraq Qarabağ torpağında keçirilməsinin əhəmiyyətindən söz açıb.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev hər bir ölkənin iqtisadi inkişafının hərəkətverici qüvvəsini gənclərin təşkil etdiyini bildirib və diaspor gənclərini Azərbaycanın iqtisadi inkişafı naminə fəallığa səsləyib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.
Avqustun 2-dən 8-dək davam edəcək düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizdə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir. Əyləncəli proqramların və intellektual oyunların təşkili də nəzərdə tutulub.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Diaspor 2022-08-02 18:50:00

Video