×
A
A
A
Sazlamalar

Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş sərgi açılıb

Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialı Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Vətənin və qələmin keşiyində" adlı sərgi təşkil edib.
MKS-dən AZƏRTAC-a bildirilib ki, sərgiyə baxış zamanı oxuculara və qonaqlara kitabxananın əməkdaşları tərəfindən X.Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verilib.
Baxış zamanı kitabxananın əməkdaşı Gülnisə Mürsəlova qeyd edib ki, Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırıblar.
Vüsalə Alıyeva əlavə edib ki, Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndiriblər.
Kitabxananın qonaqları İstanbul Aydın Universitetinin Yüksək Lisans tələbəsi Musa Həsənov, 245 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Ayan X.Natəvan haqqında verilən məlumatları dinləyib və əlavə ediblər ki, Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.
Filial müdiri Pəri Paşayeva söyləyib ki, şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci ilin 1 oktyabrında vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.
Ağdam rayonu işğaldan azad olunandan sonra məlum olub ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbri təhqir olunub və sümükləri də qəbrindən çıxarılıb aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Sərgi avqust ayının sonuna kimi davam edəcək.

Mədəniyyət 2022-08-02 17:41:00