×
A
A
A
Sazlamalar

Maestro Niyazinin məzarı ziyarət olunub

Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin vəfatının 38-ci ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.
Muzeyin kollektivinin hər il sənətkarın doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi haqqında məlumat verilib.
Çıxışlarda görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.
Qeyd edilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.
Bildirilib ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.
Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

Mədəniyyət 2022-08-02 17:24:00