×
A
A
A
Sazlamalar

Qurama: Əsrlərin kəsişməsində, nəsillərin baxış bucağında

Bakı, 2 avqust, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Birinci Milli Qurama Festivalı çərçivəsində növbəti sərgi avqustun 3-də “NUR Art House” qalereyasında açılacaq.
AZƏRTAC xəbər verir ki, “Qurama: Əsrlərin kəsişməsində, nəsillərin baxış bucağında” adlı sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “NUR Art House” qalereyası tərəfindən təşkil olunur.
Yaşı minilliklərlə hesablanan xalq yaradıcılığı insanın ətraf mühitə, təbiətə və məişətə yaradıcı münasibətindən yaranıb. Ovçuluq və yığıcılıqla başlanan, əkinçilik və maldarlıqla inkişaf edən, köçərilik, oturaq həyat sürən əcdadlarımız təbiətin qüvvələri qarşısında aciz qalmasınlar deyə, istifadə etdikləri əşyalara özünəməxsus qoruyucu naxışlar vuraraq ona gözəllik və fərqlilik gətirməyə üstünlük veriblər. Beləliklə, kimi qəbiləsini, tayfasını yadellilərdən qoruyanı fərqləndirib, ona məxsusi silah, geyim, çadır hədiyyə edib, xanımı isə əvvəl çadırı, sonra isə evini əl işləri ilə bəzəyib, ona istilik, rahatlıq gətirib. İncəsənətin digər növləri kimi, dekorativ-tətbiqi sənətin bir istiqaməti olan “Qurama” da beləcə meydana gəlib. Məhz toxuculuq, ipəkçilik, parça istehsalı ilə eyni vaxtda onların rənglər dünyasını bir məmulatda rəng qanunlarına əməl etmədən, bədahətən, içdən gələn tərzdə qurmaqla məişətimizə xoş ovqat gətirməklə.
Azərbaycanda incə naxışlı ipək və pambıq parça istehsalı fabrikləri haqqında hələ Orta əsrlərdə Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini, Rəbi Rəşidi, Adam Oleari və başqaları öz əsərlərində yazıblar. Səfəvilər dövründə Təbriz, Mərənd, Gəncə, Naxçıvan və digər şəhərlərdə cənub-qərb rayonlarında yetişdirilmiş pambıqdan gözəl naxışlı, yüksək keyfiyyətli pambıq parçaların toxunduğu və bu məhsulun Azərbaycanın əsas ixrac əmtəəsi olduğu məlumdur.
Bu isə “Qurama” sənətinin məişətimizə məhz toxuculuğun inkişafı ilə daxil olduğunu bir daha sübut edir. “Qurama” üçün ipək, məxmər, çit, yun, pambıq parçalardan istifadə olunurdu. Azərbaycan xanımları müxtəlif parçaların qalıqlarını toplayar, onları bir-birinə birləşdirməklə, bir-birindən gözəl, bitkin kompozisiyalı məişət əşyaları yaradar, geyimlər hazırlayar, bununla da ocaqlarına özünəməxsus rəngarənglik və rahatlıq gətirərdilər. Onlar ətrafdakıların təbiətə israfçı münasibətinə etirazlarını yaratdıqları və istifadə etdikləri zərif nümunələrlə bildirirdilər. Hər sənət əsəri insanın dünyagörüşünü və ətraf aləmə münasibətini ifadə edirdi.
Həm ənənə, həm tarix, həm də müasir yanaşmanın bir araya gəldiyi sərgidə bir araya gəlib. “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi Röya Tağıyeva və İB üzvləri bu sərgi ilə UNESCO-da akkreditasiya olunmuş Birliyin hər zaman tariximizi, mədəniyyətimizi, mədəni irsimizi təbliğ etdiyini bir daha nümayiş etdirir və “NUR Art House” bu gün bir platforma kimi əsrlərin, nəsillərin görüş yerinə çevrilir.
Sərgidə Şuşa sakini Səltənət bəyim Behbudovanın XIX-XX əsrlərə aid fərqli işləmə texnikalı quraması, bədii tikmə ustası, rəssam və müəllim Səma Əmirovanın ulu nənəsinin, nənəsinin və anasının hazırladığı tarixi quramalar, kolleksiyaçı-tədqiqatçılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi kolleksiyasından kimya üzrə fəlsəfə doktoru, tanınmış qurama ustası Xalidə Nəsirovanın parça quramaları, texnika elmləri namizədi Elmira Qasımovanın Azərbaycan Qurama sənətində yenilik olan toxuma qurama nümunələri, bədii tikmə ustası Şəhla Əsgərovanın quramaları, Pərvanə Eyyubovanın və başqa sənətkarlarımızın qurama texnikası ilə işlənmiş bir-birindən maraqlı əsərləri nümayiş olunur. Sərginin əlaqələndiriciləri Birliyin İdarə Heyətinin üzvü Gülşən Hüseynova və Birliyin katibi Günel Əli məhz qurama sənəti ilə bağlı, ondan bəhrələnən və sənətə yenilik gətirən ustalarımızın əsərlərini bir araya gətirərək əsrlərdən nəsillərə ərməğan olan qurama sənətinin funksionallığını önə çəkmək istəyiblər.
Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbdə yaradılmış Azərbaycanda ilk “Qurama” Uşaq Animasiya Studiyasında Əməkdar mədəniyyət işçisi, rəssam, animasiya rejissoru Elçin Hami Axundovun rəhbərliyi ilə uşaqların müxtəlif mövzularda çəkdikləri animasiyaları və məktəblilərin müəllimləri ilə birlikdə hazırladıqları quramalar bu sənətin gələcəyi və gənc nəslin sənətə baxış bucağını görüntüləyir. Bir ay davam edəcək sərgidə sənətsevərlər həmçinin “Qurama” və digər dekorativ-tətbiqi sənət növləri üzrə ustad dərslərinə qatıla biləcəklər.

Mədəniyyət 2022-08-02 16:40:00