×
A
A
A
Sazlamalar

Xətai rayon kitabxanasında “Kadrlarda yaşayan tarix” adlı sərgi açılıb

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Azərbaycan Milli Kino Günü ilə bağlı “Kadrlarda yaşayan tarix” başlığı altında sərgi təşkil olunub.
MKS-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanda kino sənətinin yaranma tarixi haqqında materiallar, Azərbaycan sənətkarlarının həyat və yaradıcılığını əks etdirən kitablar, şəkillər nümayiş edilib.
Qeyd edək ki, 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişon lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib. Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.
"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilib və hazırda film fondda 35 mm-lik plyonkada və videokassetdə qorunub saxlanılır. 2000-ci il dekabrın 18-də ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə avqustun 2-si tarixi kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.
“Kadrlarda yaşayan tarix” adlı sərgi oxucular tərəfindən maraqla qarşılanıb.

Mədəniyyət 2022-08-02 15:18:00