×
A
A
A
Sazlamalar

Kahramanmaraşda Azərbaycan və Türkiyənin regionlarının iqtisadi imkanları nəzərdən keçirilib

Kahramanmaraş, 1 avqust, AZƏRTAC

Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək hər birimizin mənəvi borcudur. Böyük Qarabağ Zəfəri bu qardaşlığın real nəticəsi, tarixlərə işıq salan birlik nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ilə Kahramanmaraş valisi Ömər Faruk Coşkun arasında keçirilən görüşdə ifadə olunub.
Valilikdə keçirilən görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik ruhuna uyğun olaraq iki qardaş ölkənin regionlarının iqtisadi potensialı və imkanları ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Kahramanmaraşın böyük sənaye və kənd təsərrüfatı imkanlarına malik olduğunu diqqətə çatdıran vali Ömər Faruk Coşkun vilayətin rəhbərliyinin Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıq etməyə hazır olduğunu bildirərək deyib: “Bir millət, iki dövlət!” kəlamı ölkələrimizin və dövlətlərimizin qardaşlıq ruhunu real həyatda ehtiva edir”.
Qarabağ Zəfəri nəticəsində Azərbaycanın işğaldan azad olunan ərazilərinə Böyük Qayıdışın təmin edilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verən səfir Rəşad Məmmədov, eyni zamanda, pambıqçılıq başda olmaqla, ölkəmizin kənd təsərrüfatı sahəsindəki uğurlarından bəhs edib. Deyib ki, Kahramanmaraş Türkiyənin Azərbaycandan ən çox həcmdə pambıq idxal edən bölgələrindən biridir. “Əminik ki, “EXPO 2023” sərgisinə uğurla ev sahibliyi edəcək Kahramanmaraş vilayəti geniş bir coğrafiyanın iqtisadi inkişafı üçün cəlbedicilik yaradacaq”, - deyə səfir əlavə edib.
Görüşdə Türkiyənin Kahramanmaraş vilayəti ilə Azərbaycanın eyni imkanlara malik müvafiq bölgəsi arasında birbaşa münasibətlərin qurulması istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Bölgənin ixrac-idxal, yerli istehsal sahələrindəki səmərəlilik imkanları nəzərdən keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş

Siyasət 2022-08-01 19:10:00