×
A
A
A
Sazlamalar

Ana dilimiz milli sərvətimizdir

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
YAP Xətai rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın həyatında önəmli tarixlərdən birini qeyd etdiyimizi vurğulayıb. Qeyd edib ki, dil hər bir dövlətin, xalqın varlığının təqdimatıdır.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev xalqı xalq, milləti millət edənin onun ana dili olduğunu söyləyib. Vurğulanıb ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin və ədəbiyyatımızın qorunması prioritet məsələ olub. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bir ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir. Bu çağırış özündə milli-mənəvi dəyərlərimizin, dilimizin, adət-ənənələrimizin inkişaf etdirilməsini, onların yad təsirlərdən qorunmasını özündə ehtiva edir.
“Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması ilə bağlı siyasi xəttinə sadiqlik son 19 ilin reallıqlarında öz əksini tapır”, - söyləyən Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ümumilikdə dilimizin inkişafına, onu yad təsirlərdən qorunmasına yönələn mühüm addım, ən əsası milli sərvətimizə bağlılığımızın nümunəsidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmov çıxışında Ulu Öndərin hələ sovet dövründə Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirdiyini bildirərək deyib: “Hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində Ana dilinin müstəsna rol oynadığını deyən ulu öndər Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi”.
Digər çıxış edənlər - 204 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əntiqə Qasımova, 257 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Ələsgərova və YAP Xətai rayon təşkilatının Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Emil Aslanlı bildiriblər ki, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və xarici təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, Azərbaycan dili milli sərvətimizdir və onu qorumaq hər birimizin vətəndaşlıq borcudur.

Cəmiyyət 2022-08-01 18:20:00