×
A
A
A
Sazlamalar

Aleksandr Vuçiç: Ümid edirəm ki, bu məsələ tez bir zamanda həll olunacaq

Belqrad, 1 avqust, AZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə yaranan gərginliyin tez bir zamanda həll olunacağına ümidvar olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, A.Vuçiç paytaxt Belqradda Serbiyanın Baş qərargah rəisi Milan Moysiloviç və NATO-nun Kosovodakı Qüvvələrinin (KFOR) komandanı ilə görüşüb. Serbiya Prezidenti qarşıdakı dövrdə Kosovo ilə həll yolu tapmağı ümid etdiklərini bildirib.
Kosovo hökuməti isə avqustun 1-dən tətbiqi planlaşdırılan Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaların sentyabrın 1-nə qədər təxirə salındığını açıqlayıb.
Xatırladaq ki, Kosovo serbləri həmin qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub, bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2022-08-01 11:53:00