×
A
A
A
Sazlamalar

Yeni Zelandiya sərhəd keçid məntəqələrində antikovid məhdudiyyətlərini ləğv edib

Tokio, 1 avqust, AZƏRTAC

Avqustun 1-dən Yeni Zelandiya koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün 2020-ci ilin martından dövlət sərhəd keçid məntəqələrində tətbiq olunan bütün antikovid məhdudiyyətlərini ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Yeni Zelandiyanın turizm naziri Stüart Neş çıxış edib. Nazir bildirib ki, 2022-ci il avqustun 1-dən başlayaraq vizasız rejim barədə razılaşmanın olmadığı bütün ölkələrdən olan turistlər və əcnəbi tələbələr Yeni Zelandiyaya gəlmək üçün müraciət edə bilərlər.
S.Neş həmçinin əlavə edib ki, avqustun 1-dən başlayaraq bütün kruiz gəmiləri və gəzinti yaxtaları üçün sanitar məhdudiyyətlər də aradan qaldırılıb.
Qeyd edək ki, bu ərəfədə epidemik vəziyyətin yaxşılaşması ilə əlaqədar iyulun 4-də iş vizasına malik olan əcnəbilərin Yeni Zelandiyaya gəlişi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul olunmuşdu. Bununla yanaşı, turistlərin və tələbələrin ölkəyə gəlişinə məhdudiyyətlər qüvvədə saxlanılmışdı.
Cari ilin əvvəllərindən başlayaraq, hökumət Yeni Zelandiya ilə vizasız rejim barədə müqaviləyə malik olan ölkələrin humanitar vizaya və rezident statusuna malik şəxslər üçün qadağaların mərhələlərlə yumşaldılmasını həyata keçirib.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-08-01 08:10:00