×
A
A
A
Sazlamalar

Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün düşərgələr təşkil olunacaq

Bakı, 30 iyul, AZƏRTAC
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi “#StudentFest” adlı silsilə tələbə düşərgələri təşkil edəcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər biri 4 gün olmaqla 3 fərqli istiqamətdə keçiriləcək tələbə düşərgələrinin təşkilində əsas məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirmələridir. Həmçinin peşəkar mentorların təlim və seminarları vasitəsilə onların gələcək karyera imkanlarının, ixtisas sahələri üzrə zəruri bilik, bacarıq və səriştələrinin artırılmasına dəstək olmaqdır. Bundan başqa, həm mental, həm də fiziki sağlamlığın qeydinə qalmaq məqsədilə festival çərçivəsində müxtəlif idman oyunları, master-klaslar, psixoloji testlər təşkil ediləcək.
Qeyd olunan 3 istiqamət (tarixlər dəyişə bilər) üzrə təşkil ediləcək düşərgələr aşağıdakılardır:
- avqustun 20-23-də təhsilin idarəetməsi və pedaqoji ixtisaslarda orta ixtisas və ali təhsil alan tələbələr üçün;
- avqustun 25-28-də bütün ixtisaslar üzrə orta ixtisas və peşə təhsili alan tələbələr üçün;
- avqustun 30-dan sentyabrın 2-dək bütün ixtisaslar üzrə ali təhsil alan tələbələr üçün.
Düşərgədə iştirak etmək üçün avqustun 10-dək müraciət etmək olar.

Elm və təhsil 2022-07-30 16:58:00