×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların nüfuzlarının artmasına böyük töhfə verən dövlətdir

Bakı, 30 iyul, AZƏRTAC
Gənclər sammitləri gənclərin təşkilatlanması, şəbəkələşməsi, mövcud mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda dünyanın yeni trendlərini öyrənmələri, öz ümid və narahatlıqlarını ictimai mühitdə bölüşmələri baxımından vacib əhəmiyyət kəsb edir. Çağdaş dünyanın fəal gənclərinin onları ən çox maraqlandırdıqları və çox vaxt onlara birbaşa təsir edən məsələlərin səbəb-nəticələrini öyrənmək üçün mövcud problemlərə birbaşa və kompleks şəkildə müraciət etdiklərini görürük. Bu müraciət forması lokal mənada onların təhsil aldıqları müəssisələrdə və gənclərə xidmət göstərən təşkilatlarda olursa, daha qlobal platformalara çıxarılması isə onların artıq dünya nizamına dərindən bələd olmasından, bu istiqamətdə bilik və bacarıqlarını koordinasiya etmək istəyindən, dünyanın aktual çağırışları fonunda hətta zərurətdən irəli gəlir. Bu baxımdan, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması təbii proses, zamanın çağırışıdır ki, bu çağırışa dövlətimizin başçısı İlham Əliyev proaktiv yanaşma sərgiləyərək reaksiya verdi. Qoşulmama Hərəkatının Parlament şəbəkəsi, Nyu-Yorkda Hərəkatın Dəstək Ofisinin yaradılması ilə yanaşı, Hərəkatın institusional inkişafı baxımından Gənclər Şəbəkəsinin təsis olunması da məhz Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərdir ki, mövcud proseslərin gedişi bu təşəbbüsün zamanı da qabaqladığının əyani sübutudur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq qeyd edib ki, bu gün gənclərin problemlərin həllində mühüm rol oynadıqlarının, onların həlli yollarının tapılmasında fəal iştiraklarının şahidi oluruq. Şübhəsiz ki, gəncləri öz sabahlarının sağlam təminatçıları olaraq yetişdirmək kimi uzaqgörən siyasəti rəhbər tutan dövlətimiz gənclərə öz ilham mənbəyi kimi baxır, onlardan əldə edilən bilikləri əvəzolunmaz resursların yaradılmasında təkanverici qüvvə hesab edir. Bununla yanaşı, gənclər-böyüklər tərəfdaşlığının gücünə inanmaqla bu etimad platformasının sağlam təməllər üzərində qurulması, nəsillərarası planlaşdırma komandasının yaradılması da vacibdir. Gənclərlə işləmək onlardan təkcə istəkləri barədə soruşmaq baxımından vacib deyil, həm də yaşadıqları icmaları yaxşılaşdırmaq üçün gənclərlə birlikdə işləməyin yollarını konkret olaraq təmin etməkdən keçir.
Son zamanlar dünya gənclərin həyati demoqrafik, güclü dəyişiklik və tərəqqi agenti kimi böyüməsinin şahidi olur ki, Prezident İlham Əliyev də onların yetişdirilməsi işinə diqqətlə yanaşır. Gənclər siyasət formalaşdırmaq, bazarlara təsir göstərmək, sosial strukturları yenidən təsəvvür etmək və qurmaq gücünə, potensialına malikdirlər. Bundan əlavə, onlar yaradıcı düşünmək və cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, sənayedə, mədəniyyətdə müsbət dəyişikliklərə təsir etmək qabiliyyətinə malik fəaliyyət yönümlüdürlər. Gənclik bütün sahələrdə texnologiyanın gücündən istifadə etməkdə ön sıralardadır. Gənclər həm də daha geniş baxışda kritik bir komponent kimi çıxış edirlər. Belə ki, gənclər inanılmaz ehtimallara qarşı gələcəyə doğru yol açılarkən ümidin göstəricisidirlər. Azərbaycanda əhalinin təxminən 23 faizini təşkil edən gənclər də məhz ölkə rəhbərliyinin mütəmadi diqqət mərkəzində olmaqla bərabər, onlar üçün dövlət səviyyəsində geniş fürsət və imkanlar yaradılıb. Bu gün əsas məsələ Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərin əsas tutulması ilə onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, bununla yanaşı, müasir dövrün tələb etdiyi bilik və bacarıqlara yiyələnməsidir.
“Gənclər sammitləri gənclərin könüllülüyünü təşviq etməkdən zorakılığın dayandırılmasına qədər hər cür mövzuya malik ola bilər. Bu sammitlər böyükləri öz icmalarında gənclərin ehtiyacları və potensialları haqqında maarifləndirir. Belə tədbirlər, həmçinin gənclərin bacarıqlarını və səslərini nümayiş etdirməyə yönəlib ki, bununla da onların öz icmalarında nəyə ehtiyacları olduğu və istədikləri barədə daha çox məlumat əldə edə bilsinlər. Bu cür sammitlər gənclərin öz cəmiyyətlərində həyati əhəmiyyətli resurs kimi yanaşılmasına nail olmaq məqsədi daşıyır”, - deyə Ş.Həsənova əlavə edib.
Politoloq vurğulayıb ki, Qoşulmama Hərəkatının Gənclər Sammiti kimi tədbirlər qısamüddətli deyil, uzunmüddətli hədəflərə fokuslanıb. Sammit müxtəlif ölkələrin, xalqların mədəniyyətlərini təmsil edən gənclərdən və böyüklərdən dünyanın tərəqqisi üçün hansı üsul və metodların daha işlək mexanizmə malik olduğu haqqında fikir mübadiləsinin aparılması baxımından da mühüm platformadır.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyinin müxtəlif istiqamətlərində hiss olunan qayğı eynilə gənclər sektorunda da müşahidə edildi. Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı ki, məhz bu addım da ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək, çərçivə və istiqamət yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edən addım oldu. Ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev dinamik seqment olan gəncliyi başa düşməyin və gələcəyi formalaşdırmaq üçün onları yetişdirməyin vacibliyi üzərində hər zaman xüsusi diqqətlə dayanır. Son illərdə gəncləri hərtərəfli dəstəkləmək üçün bir çox proqram və layihələrə start verilib. Bu kritik müdaxilələrə sağlamlıq, təhsil, bacarıqların artırılması, sahibkarlıq və liderlik məsələləri daxildir. Bu səylər sosial və ya iqtisadi mənşəyindən asılı olmayaraq, gənclərin təhsilə çıxış imkanlarını yaxşılaşdırıb və öyrənmə keyfiyyəti istiqamətində sinerjik fəaliyyətə imkan verib. Çünki inkarolunmaz faktdır ki, gənclər iqtisadi artımı səfərbər edə bilən əhali piramidasının əsasıdır. Gənclərin məşğulluğunu artırmaq, bacarıqlarını inkişaf etdirmək üçün bir çox istiqamətlərə investisiyalar qoyulub. Ölkəmizdə keyfiyyətli təhsilə çıxış yaxşılaşıb, gəncləri müasir dövr üçün zəruri olan bacarıqlarla səmərəli şəkildə təchiz etmək üçün əlavə tədbirlərə start verilib. Sosial şəraitin gənclərin həyatına təsirini nəzərə almaq üçün yeni yanaşmalara ehtiyac duyulduğuna dair konsensus yaradılıb və tətbiq edilir. Bu irəliləyişlərdən əlavə, Prezident İlham Əliyev daha çox işin görülə biləcəyini və görülməli olduğunu hər zaman diqqətə çatdırır. Gənc və yaşlı nəsillərin sosiologiyası tərəfindən məlumatlandırılan bir yanaşma tətbiq edilməlidir ki, sosial kontekst və həyat nümunələri arasında qarşılıqlı əlaqə təmin edilə bilsin. Bu yanaşma gəncliyin dəyişən təcrübəsini formalaşdıran fərdi və sosial keçidlər arasındakı kəsişmələri tanımaq üçün risk altında olan gənclərin sosial inklüzivliyini artırmaq məqsədi daşıyan siyasətlərə imkan verəcək.
“İndiki mərhələdə Şuşa şəhərində Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Təşkilata çevrilməsi də tarixi hadisədir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına ünvanladığı müraciətində də dünyanın mövcud reallıqlarına nəzər yetirilir. Bildirilir ki, sammit gənclər arasında əlaqələrin möhkəmləndirilməsində, mütərəqqi düşüncənin paylaşılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsində vacib əhəmiyyətə malikdir. Azərbaycan gənclərini fərqləndirən ən ümdə xüsusiyyət odur ki, onlar tarixi missiyanı yerinə yetirən, Vətən borcunu şərəf və ləyaqətlə icra etmiş gənclərdir. Döyüş meydanında öz şirin canından keçən gənclik məhz Azərbaycan gəncliyidir!”, - deyə politoloq diqqətə çatdırıb.
Sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkədən gənclərin iştirak etdiyini xatırladan Ş.Həsənova deyib: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Sammitinin iyulun 28-də keçirilən bağlanış mərasimində çıxışı zamanı da söylədiyi kimi biz indi ənənəvi və qeyri-ənənəvi çağırışlarla mübarizədə yeni yollar tapmalıyıq. Bu yolların tapılması və aydınlanması üçün Azərbaycanda kifayət qədər savadlı, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq gənclər var. Onların meritokratik qaydada inkişafını, tərəqqisini, karyera yüksəlişini təmin etmək baxımından konkret, gözləgörülən addımlar atılması istiqamətində səylər davam etdirilməlidir. Çünki dövlət başçımız öz çıxışlarında mütəmadi olaraq bildirir ki, gənclər öz bilik və bacarıqlarına görə dəyərləndirilməlidir.
Bütövlükdə isə Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycanın nümunəvi sədrliyi ilə irəli sürdüyü təşəbbüslər müxtəlif tarixi, siyasi və mədəni inkişaf yoluna malik 120 ölkəni özündə birləşdirən Qoşulma Hərəkatına nüfuz qazandırır. Məhz bu səmərəli sədrliyə görə 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti bir il uzadıldı. Bu faktın özü dünyanın siyasi arenasında Azərbaycanın yerinə, onun Liderinin şəxsi nüfuzuna verilən yüksək dəyərin əyani təzahürüdür. Azərbaycan qoşulduğu, fəal olduğu beynəlxalq təşkilatların da nüfuzlarının artmasına, fəallıqlarının gücləndirilməsinə, fəaliyyət dairələrinin aktual saxlanılmasına böyük töhfə verən dövlətdir”.

Siyasət 2022-07-30 16:38:00