×
A
A
A
Sazlamalar

Qoşulmama Hərəkatı Gənclər Sammitinin Şuşa sessiyası keçirilib

Şuşa, 29 iyul, Elmir Səftərov, AZƏRTAC

İyulun 29-da Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin Şuşa sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Sammit iştirakçıları iyulun 25-28-də keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər.
Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə 2021-ci il oktyabrın 4-də təsis edilmiş Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində təsdiq edilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə QH Gənclər Sammitinin nəticələri və QH Gənclər Təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Sessiyadan sonra iştirakçılar Şuşa şəhəri ilə tanış olublar.

Siyasət 2022-07-29 15:02:00