×
A
A
A
Sazlamalar

Azərbaycanla Yaponiya arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib

Tbilisi, 28 iyul, AZƏRTAC

Yaponiyanın Gürcüstandakı səfiri İmamura Akira Azərbaycanın Tbilisidəki səfirliyində olub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, Azərbaycan ilə Yaponiya arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Faiq Quliyev Yaponiyalı həmkarı ilə görüşdən məmnuniyyət hissi keçirdiyini qeyd edib.
Son dövrlər regionda cərəyan edən proseslər və hazırkı vəziyyət barədə məlumat verən diplomat yaranmış vəziyyətin bölgədə iqtisadi əməkdaşlığa müsbət təsirindən söz açıb.
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə regionda həyata keçirilən beynəlxalq enerji və infrastruktur layihələri barədə məlumat verən F.Quliyev deyib ki, bu layihələr bölgənin inkişafına böyük töhfələr verir.
Səfir İ.Akira ətraflı məlumata görə minnətdarlıq edib. Bildirib ki, Yaponiya ilə Azərbaycan arasında inkişaf edən münasibətlər hər iki xalqın və ümumiyyətlə bölgənin tərəqqisinə xidmət edir.
O, Cənubi Qafqazın Şərq – Qərb nəqliyyat dəhlizində oynadığı mühüm rolu xüsusi qeyd edib, ölkəsinin bu imkanlardan faydalanmaqda maraqlı olduğunu vurğulayıb.
Söhbət zamanı regionda yaranan yeni reallıqların bu əməkdaşlığa təkan verə biləcəyinə dair əminlik ifadə olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Siyasət 2022-07-28 18:53:00