×
A
A
A
Sazlamalar

Avropa Parlamentinin üzvü Tomaş Poremba Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirib

Brüssel, 28 iyul, AZƏRTAC
Avropa Parlamenti (AP) üzvü Tomaş Poremba (Avropa Mühafizəkarları və İslahatçıları - ECR, Polşa) Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, T.Poremba ölkəmizə səfərini işğaldan azad olunmuş ərazilərə baş çəkməklə başlayıb. T.Poremba və Brüsseldə yerləşən “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold De Şevilli Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və səfirliyin əməkdaşı Rəşad Ağazadənin müşayiəti ilə Füzuli və Şuşa şəhərlərinə səfər ediblər. Füzuli şəhərində qonaqlara işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər, vandalizm aktları barədə ətraflı məlumat verilib, minalanmış sahələrə, dağıdılmış şəhər mərkəzi və dini abidələrə baxış keçirilib, o cümlədən Azərbaycanın bu torpaqları azad etdiyi müharibədən sonra aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri, yol-infrastruktur layihələri təqdim olunub, yeni inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı ilə tanışlıq baş tutub.
Ölkəmizə ilk dəfə səfər edən T.Poremba dağıntıların miqyasından, minalanmış sahələrin böyüklüyündən, ermənilərin törətdiyi vandallıqdan bərk sarsıldığını, vaxtilə 2010-cu ildə Ermənistan üzrə məruzəçi kimi bu ölkəyə səfər edərkən tamamilə əks perspektivdən məlumatlar aldığını və Azərbaycan ərazilərində törədilən bu vəhşiliklərdən xəbərsiz olduğunu bildirib. Polşanı təmsil edən AP üzvü gördükləri barədə həm AP, həm də Polşada təbliğat aparacağını, Qarabağın yenidən dirçəldilməsinə Polşa şirkətlərinin cəlb olunmasına çalışacağını qeyd edib.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya gedən nümayəndə heyəti şəhərin mədəni-tarixi inciləri ilə tanış olub. Qonaqlar Polşa ilə Azərbaycan arasında olan dostluğu daha da möhkəmləndirmək üçün çalışacaqlarını bildiriblər.
Daha sonra növbəti görüşlər Milli Məclisdə deputatlar Tural Gəncəliyev, Sevil Mikayılova və Vüqar Bayramov ilə keçirilib. T.Poremba postmünaqişə dövrünün reallıqları, regionda baş verən hadisələr haqqında obyektiv informasiyanın əldə olunması üçün belə səfərlərin və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O, regionda təhlükəsizliyin möhkəmləndirilməsinin, kommunikasiyaların açılmasının əhəmiyyətindən danışıb, Azərbaycanın Avropa ilə, həmçinin Polşa ilə əlaqələrinin inkişaf etdirilməsinə toxunub. Şuşaya səfər zamanı Laçın dəhlizini müşahidə etdiyini bildirən AP üzvü, eyni səviyyəli dəhlizin Zəngəzurda Azərbaycana verilməli olduğunu tamamilə haqlı saydığını qeyd edib. Polşa şirkətlərinin Qarabağın yenidən qurulmasına cəlb olunması üçün çalışacağını deyən AP üzvü, eyni zamanda, “New Direction” beyin mərkəzi və fondunun qarşılıqlı əlaqələrin qurulması, konfransların təşkilinə vəsait ayıra biləcəyini də əlavə edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş tutan görüşdə Şahmar Hacıyevin təqdimatında Azərbaycanın iştirakı ilə əsas bağlantı və enerji layihələri, investisiya imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb, mərkəzin rəhbəri Fərid Şəfiyevlə görüş keçirilib.
Növbəti görüş İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da baş tutub. İnvestisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılaraq ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib. T.Poremba Polşa biznes dairələrindən gələn iki təklif barədə AZPROMO nümayəndələrinə məlumat verib və sorğuların cavablandırılması üçün qarşılıqlı təmaslar qurulub.
T.Poremba CBC telekanalında proqram çəkilişinə qatılıb, işğaldan azad olunmuş ərazilərə, Azərbaycana ilk səfəri barədə təəssüratlarını bölüşüb, AP üzvlərini hər hansı qətnaməyə səsvermədən öncə reallıqları öyrənməyə, ölkəyə səfər etməyə çağırıb. Azərbaycan – Polşa əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən qonaq, bu əlaqələrin daha da güclənməsi üçün çalışacağını bildirib.
Daha sonra T.Poremba Trend informasiya agentliyinə müsahibə verib, Azərbaycan-Polşa əlaqələrinin tarixi, inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, Ermənistanın Azərbaycan torpaqlarında işğal dövründə törətdiyi vandallıqlara toxunaraq inanılmaz dərəcədə sarsıldığını ifadə edib. Enerji və nəqliyyat sahəsində Azərbaycan – Polşa arasında əməkdaşlığın qurulmasında böyük potensialın olduğunu vurğulayan T.Poremba, öz əməyinin bəhrəsi saydığı Via-Karpatya magistralının 2025-ci ildə işə düşməsi ilə yanaşı, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasının qitələrarası bağlantılarda mühüm zəncir rolu oynaya biləcəyini qeyd edib. Cənub Qaz Dəhlizinin Polşanın Baltik xətti və qaz limanı ilə bağlanarsa Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə ola biləcəyini düşündüyünü deyən T.Poremba bu istiqamətdə irəliləyişə nail olmaq üçün çalışacağını bildirib.
AP-nin Mədəniyyət və Turizm Komitəsində üzv olan T.Poremba və V.De Şevilli ölkəmizin zəngin tarixi, mədəni irsi, turizm potensialı ilə də tanış olublar. Nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində, Beynəlxalq Muğam Mərkəzində olub, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə, polşalı memarların Bakı şəhərində ucaltdığı əzəmətli binalarla yaxından tanış olub. Qonaqlar 2019-cu ildə açılışı olmuş, polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə “Polşa memarları” adı verilən küçədə İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri olan əraziyə baş çəkib və xatirə şəkli çəkdiriblər.
T.Poremba Polşa Milli Olimpiya Komitəsinin vitse-prezidenti qismində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti ilə görüş keçirib. Görüşdə 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarına hazırlıq və bununla bağlı MOK-lar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün ardınca nümayəndə heyəti birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edən Bakı Olimpiya Stadionunda (BOS) olub. MOK-un Beynəlxalq Əlaqələr idarəsinin direktoru Anar Bağırovun və BOS-un baş direktoru Cavid Qarayevin iştirakı ilə baş tutan tanışlıq qonaqlarda böyük maraq oyadıb. Səfərin sonunda T.Poremba Polşa MOK-un vitse-prezidenti kimi Azərbaycan çempionu “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqası təsnifat mərhələsində qarşılaşdığı və qalib gəldiyi “Qarabağ”-“Sürix” oyununu izləyib, Mərkəzi Stadionun oyunların keçirilməsi ilə bağlı təşkilatçılıq fəaliyyətini, stadionun infrastrukturunu yüksək qiymətləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Siyasət 2022-07-28 17:57:00