×
A
A
A
Sazlamalar

Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması davam edir VİDEO

Bakı, 28 iyul, AZƏRTAC

Bu ilin “İnvestisiya Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, Qala-Pirallahı avtomobil yolunun 8-ci kilometrindən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5,2 kilometr, hərəkət hissəsinin eni isə ortalama 9 metrdir.
Yenidənqurma işləri çərçivəsində yol boyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının salınması, yol əsasının inşası və ikiqat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Artıq yolun 2,5 kilometrlik hissəsində bu işlər yekunlaşıb. Hazırda həmin hissədə yol birləşmələrinin bərpası və yol çiyinlərinin bərkidilməsi işləri yerinə yetirilir.
Digər hissələrdə isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, yenidənqurma işləri davam edir. Belə ki, layihəyə əsasən hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1,5 metr enində çiyinlərin, 1580 metr yeni səki daşlarının tikintisi, 2745 kvadratmetr səkinin bərpa olunması işləri də daxildir.
Bundan başqa, layihə ardıcıllığına uyğun olaraq, yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 15,4 kilometr küçə və yolun təmiri işləri davam etdirilir.
Ötən ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri icra olunub.

Tikinti̇ 2022-07-28 11:19:00

Video