×
A
A
A
Sazlamalar

Mədəniyyət Nazirliyinin əməkdaşları Londonda "CNN" telekanalının qonağı olub

Bakı, 27 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşları Londonda "CNN" telekanalının qonağı olub, telekanalın işi ilə tanışlıq imkanı qazanıblar.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Nazirliyin şöbə müdiri Məryəm Qafarzadə və şöbənin baş məsləhətçisi Elnarə Kərimova "CNN" rəhbərliyi ilə görüşüblər. Görüş zamanı diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "CNN" telekanalı ilə illərdir əməkdaşlıq edir və kanalda ölkəmizlə bağlı çoxsaylı süjetlər yayımlanıb.
Telekanalı ziyarət zamanı nazirlik rəsmiləri kanalın işi, beynəlxalq layihələri ilə tanış olublar. Həmçinin çəkiliş prosesi, məşhur "CNN Breaking News"un canlı yayımlarını, montaj və hazırlıq işlərinin necə getdiyini, redaksiya işlərinin necə aparıldığını, strategiyaların necə hazırlandığını izləmək imkanı qazanıblar. Rəqəmsal və yaradıcı həllər üzrə təcrübələrini bölüşüblər.
Görüş zamanı M.Qafarzadə və "CNN" rəhbərliyi arasında aparılan danışıqlar zamanı telekanalın saytında ölkəmizin mədəniyyəti ilə bağlı məqalə hazırlanaraq sayta yerləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçinin gələcək layihələrlə bağlı müzakirələr aparılıb.
"CNN" rəhbərliyi media sxemi, xəbər ötürmə, marketinqlə bağlı illər ərzində əldə etdiyi təcrübələrini də bölüşüblər.
M.Qafarzadə "CNN"ə yaradılan şəraitə görə təşəkkür edərək, zəngin mədəniyyətimizin təbliği üçün yeni metodların tətbiqi və davamlı əməkdaşlığın perspektivlərindən söz açıb.
Qeyd edib ki, cari ildə telekanal mədəniyyət paytaxtımız Şuşada keçirilən tədbirlər, eyni zamanda, Azərbaycan milli sərvəti olan muğam və xalça sənətimizlə bağlı videoçarxlar nümayiş etdirib.

Mədəniyyət 2022-07-27 15:34:00