×
A
A
A
Sazlamalar

Klassik əsər vasitəsilə aktual problemlərin uğurlu təqdimatı

Bakı, 27 iyul, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun “Təklif” pyesi əsasında hazırlanan tamaşanın premyerasında ölkəmizin incəsənət nümayəndələri də iştirak ediblər. Onlardan bəziləri tamaşa haqqında ürək sözlərini kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bölüşüb.
AZƏRTAC xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərli deyib: “Biz onları sağlamlıq imkanları məhdud insanlar hesab etsək də, əslində onlar da cəmiyyətin bir üzvüdür. Onların bugünkü çıxışı çox gözəl təsir bağışladı. Hətta ürəyimdən səhnəyə atılmaq, onlarla birlikdə oynamaq, rəqs etmək keçdi . Bu, bir arzu olaraq qəlbimdən keçsə də, yəqin ki, mən mütləq gəlib onlarla bir səhnəni bölüşəcəyəm. Əlbəttə, gözəl təşəbbüsdür və bu təşəbbüsü araya-ərsəyə gətirənlərə, tamaşanın rejissoruna çox təşəkkür edirəm. Teatr gözəl sənətdir və bu gün ona belə maraq varsa, bu, yalnız bizi sevindirə bilər”.
Tamaşanın seyrçiləri arasında olan Əməkdar mədəniyyət işçisi Rahib Azəri öz duyğularını belə ifadə edib: “Tamaşaya baxmaq təklifi gələndə bir qədər tərəddüd edirdim, çünki əsərlə tanış deyildim. Lakin gəlməyimə nəinki peşman deyiləm, hətta istirahətimi yarımçıq qoyub gəldiyimə də təəssüf etmirəm. Açığını deyim ki, çox böyük zövq aldım və hər şey yüksək səviyyədə idi. Xüsusilə sağlamlıq imkanları məhdud bəzi aktyorların işə peşəkarlıqla yanaşmasını çox bəyəndim. Səhnədə aktyorun arabadakı tərəf-müqabilini havaya qaldırıb rəqs etməsi xüsusilə çox təsirli idi. Bu tamaşa üzərində çalışan, zəhmət çəkən hər kəsə bir də ona görə minnətdarlıq edirəm ki, əslində cəmiyyətdə bu gün də aktual olan məsələləri klassik əsərin vasitəsilə çox gözəl təqdim etdilər. Deyərdim ki, “Təklif” tamaşası alınıb”.
Xalq artisti Fəxrəddin Manafovun tamaşa barədə təəssüratları belə idi: “Təklif” tamaşasını çox həyəcanla izlədim. Teatr mədəniyyətin çox vacib sahələrindən biridir. Görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun əsəri əsasında səhnələşdirilən tamaşada aktyorlar bizi təəccübləndirdilər. Bir tamaşaçı kimi vaxtın nə vaxt gəlib keçdiyini hiss etmədim. Tamaşanın quruluşçu rejissoru Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi, tanınmış rejissor Əbdülqəni Əliyevi yaxşı tanıyıram və mənə elə gəlir ki, belə bir məkanda belə aktyorların gücü ilə tamaşaya səhnə həyatı verilməyi mədəniyyətə çox böyük bir töhfədir. Tamaşadan zövq aldım və bundan sonra da burda nümayiş olunan hər bir tamaşanı məmnuniyyətlə izləyəcəyəm”.
Tamaşanın musiqi tərtibatçısı, Əməkdar artist Vüqar Camalzadə isə öz fikirlərini belə ifadə edib: “Müəyyən sağlamlıq problemi olanların cəmiyyətə inteqrasiyası və onların böyük zəhməti hesabına başa gələn bu tamaşa üzərində həm təlimçilər, həm könüllülər, həm də dəvət olunanlar neçə vaxt idi ki, çalışırdılar. Heç kəs bu tamaşanın uğurlu alınması üçün əlindən gələn köməyi etməkdə xəsislik etmirdi. Görünür, elə buna görə də “Təklif” çox uğurlu alınmışdı. Sağlamlıq problem olanların daxili dünyasını açmaq və onların cəmiyyətin tam hüquqlu üzvünə çevrilməsi üçün əlimizdən gələn heç nəyi əsirgəməyəcəyik”.

Mədəniyyət 2022-07-27 11:41:00