×
A
A
A
Sazlamalar

Gürcüstan parlamenti milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4 təhsil proqramı”nı təkmilləşdirəcək

Tbilisi, 26 iyul, AZƏRTAC

Gürcüstan parlamenti milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4 təhsil proqramı”nı təkmilləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, parlamentin Təhsil və elm komitəsinin üzvləri etnik azlıqların keyfiyyətli təhsilə çıxış imkanları ilə bağlı davam edən tematik araşdırmalar çərçivəsində “1+4 təhsil proqramı”nı həyata keçirən ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb.
İşçi görüşdə etnik azlıqların keyfiyyətli təhsilə çıxışı məsələləri, mövcud problemlər, onların həlli yolları və ehtiyaclar müzakirə edilib. Həmçinin “1+4 təhsil proqramı”nın səmərəliliyinin artırılması məqsədilə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
Tematik tədqiqat qrupunun əsas məruzəçisi Xatuna Kvitsianinin sözlərinə görə, artıq Samtsxe-Cavaxeti və Kvemo Kartli regionlarında görüşlər keçirilib.
Bu görüşlərdə proqramın təkmilləşdirilməsi baxımından mühüm vəzifələr vurğulanıb.
Qeyd edək ki, “1+4 təhsil proqramı” azərbaycanlı, abxaz, osetin və digər etniklərin dilləri üzrə ümumi bacarıq imtahanından keçməyi və müvafiq bal toplandıqda dövlət dilini öyrənmək və ali təhsil almaq imkanını nəzərdə tutur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2022-07-26 17:38:00