×
A
A
A
Sazlamalar

Malik Həsənov: Azərbaycan qeyri-neft sektorunun inkişafı ilə dünyanın diqqətindədir

Bakı, 26 iyul, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Həmçinin bu tezisi irəli sürdü ki, neft kapitalı insan kapitalına çevrilməlidir. Son 18 ildən artıq dövrdə Azərbaycanın bu hədəflərə nail olmaq istiqamətində atdığı addımlara və əldə edilən uğurlu nəticələrə diqqət yetirmək kifayətdir. Azərbaycan bu gün qeyri-neft sektorunun inkişafı ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya əsas vəzifə kimi qoydu. Prezident İlham Əliyev “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi” fikirləri ilə son 18 ildən artıq dövrdə görülən işlərin aydın mənzərəsini yaradır. 2004-cü ildə birinci Dövlət Proqramının qəbulu ilə davam etdirilən inkişafın Azərbaycan modelinin ölkəmizə qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, dövlət başçısı İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha regional inkişaf proqramlarının uğurlu nəticələrindən danışaraq tapşırıqlarını verdi, məmurlara növbəti xəbərdarlığını etdi.
“Dövlətimizin başçısı İlham Əliyev bu inkişafı uğurla davam etdirmək üçün rayon rəhbərliyinin özünün də təşəbbüslərinin olmasının vacibliyini bildirdi”, - söyləyən deputat qeyd edib ki, təsdiqlənən Dövlət proqramları ilə yanaşı, rayon icra hakimiyyəti başçılarının da təşəbbüslərinin olması, onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılması rayonların dayanıqlı inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan ki, hər bir rayon özünəməxsus iqtisadi potensiala, turizm imkanlarına malikdir. Bu gün bölgələrimizin sürətli inkişafı üçün bütün imkanlar mövcuddur.
Malik Həsənov vurğulayıb ki, dövlətimizin başçısının bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
“Prezident İlham Əliyevin həmin səfərlərindən sonra rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənir, ehtiyat fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Əhalinin məşgulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi əsas hədəflərdəndir. Hər zaman vətəndaşının yanında olan Prezident İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını hər bir məmurun qarşısında əsas tələb kimi qoyur. Dövlət başçısı sözügedən görüşdə yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarına bir daha bildirdi ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri özlərinin dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət edilməlidir ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”, - deyə deputat əlavə edib.
Görülən bütün işlərin dövlətin həyata keçirdiyi siyasətin təqdimatı olduğunu qeyd edən M.Həsənov vurğulayıb: “Güclü dövlət, yüksək rifah” prinsipi daim həyata keçirilən siyasətin əsasında dayanır. Ölkə Prezidenti məmurlara növbəti dəfə xəbərdarlıq edərək dedi: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

Siyasət 2022-07-26 16:43:00