×
A
A
A
Sazlamalar

Paytaxtın Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsi təmir edilir

Bakı, 26 iyul, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsi təmir edilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, küçənin uzunluğu 1000 metr, ortalama eni 15 metrdir.
Hazırda küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri görülür.
Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq istifadəyə veriləcək.
Təmir işləri rayonun Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub. Artıq II Alatavanın daxili yolları və Ələsgər Ələkbərov küçəsinin təmiri yekunlaşıb.

Tikinti̇ 2022-07-26 16:15:00