×
A
A
A
Sazlamalar

Taliban: Terrorçuların Əfqanıstan ərazisindən istifadəsinə imkan verilməyəcək

Bakı, 26 iyul, AZƏRTAC

Əfqanıstanın yeni hakimiyyət orqanları ölkə ərazisinin terror təşkilatları tərəfindən istifadə edilməyəcəyinə zəmanət verir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri vəzifəsinin icraçısı Əmirxan Mottaki Daşkənddə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Əfqanıstan regionda sabitliyin pozulması mənbəyi olmayacaq. Hakimiyyət orqanları ölkə ərazisinin terror təşkilatları tərəfindən istifadə olunmayacağına zəmanət verir”, - deyə Əmirxan Mottaki bildirib.
Onun sözlərinə görə, Əfqanıstan hakimiyyətinin məqsədi bütün dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında diplomatik əlaqələr qurmaqdır. “Taliban” hərəkatının nümayəndəsi, həmçinin hazırda iqtisadi inkişafın, həmçinin ölkənin Mərkəzi və Cənubi Asiyanın inkişafı üçün mərkəzə çevrilməsi perspektivinin diqqət mərkəzində dayandığını vurğulayıb.
Daşkənd şəhərində keçirilən “Əfqanıstan: təhlükəsizlik və iqtisadi inkişaf” adlı beynəlxalq konfransda 20-dən çox ölkənin nümayəndə heyətləri iştirak edir. Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirin əsas məqsədi Əfqanıstanda sabitliyin, təhlükəsizliyin, münaqişədən sonrakı bərpanın və ölkənin regional əməkdaşlıq prosesinə inteqrasiyasının təşviqi üçün təkliflər hazırlamaqdır.

 

 

Dünya 2022-07-26 13:50:00