×
A
A
A
Sazlamalar

Serbiya Prezidenti “AzVirt” şirkətinin layihəsi əsasında bu ölkədə tikilən yeni körpünün açılışında iştirak edib

Belqrad, 25 iyul, AZƏRTAC

İyulun 25-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın “AzVirt” şirkətinin layihəsi əsasında bu ölkədə inşa olunan yeni körpünün açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Ruma-Şabac avtomobil yolunun və Şabac-Loznitsa ekspres yolunun tikintisi çərçivəsində Şabac yaxınlığındakı Sava çayı üzərində tikilən yeni körpünün açılış mərasimində Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və “AzVirt” şirkətinin rəhbərliyi – MMC-nin baş direktoru Kamil Əliyev və şirkətin regional direktoru Ahmet Murat Türkoğlu da iştirak ediblər.
Serbiyada həyata keçirilən iri infrastruktur və avtomagistral-körpü layihələrində müvəffəqiyyətlə iştirak edən “AzVirt” şirkəti, həm də adıçəkilən körpünün iş icraçısı olub və layihəni uğurla tamamlayıb.
Açılış mərasimindəki çıxışında Serbiya Prezidenti Sava çayı üzərindəki birləşdirici körpünü “şah əsər” kimi qiymətləndirib, körpünün tamamlanmasından və Şabac ətrafındakı iki sahilin bir-biri ilə əlaqələnməsindən məmnunluğunu ifadə edib. A.Vuçiç adıçəkilən yolların, eləcə də körpünün paytaxt Belqrad və Serbiyanın ikinci ən böyük şəhəri olan Novi Sad üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın hüdudlarından kənarda uğurlu layihələr reallaşdıran “AzVirt” şirkəti ölkəmizdə də Qarabağın bərpası və yenidən qurulmasının fəal iştirakçısıdır. “AzVirt” şirkəti şanlı Ordumuzun ölkəmizin mədəniyyət mərkəzi olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən “Zəfər Yolu”, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının inşası layihələrində subpodratçı kimi iştirak edib, eləcə də Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarında uçuş-enmə zolaqlarının və perronların inşasını həyata keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Tikinti̇ 2022-07-25 23:12:00