×
A
A
A
Sazlamalar

Yalçın Hacızadə: Azərbaycan beynəlxalq hüquqdan çıxış edərək münaqişələrin həlli üçün hər zaman sülh variantını üstün tutub

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan 30 illik işğala hərbi yolla son qoyduqdan, torpaqlarını azad etdikdən sonra regionda yeni siyasi şərait formalaşıb. İşğal müddətində regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar uzunmüddətli sülhün təmin olunması üçün ölkəmizdən güzəştə getməsini tələb edirdilərsə, indi Azərbaycan “oyun qurucu”dur. Azərbaycan Ermənistandan və onun havadarlarından yaranmış yeni reallıqları qəbul etməyi, ona uyğun davranmağı açıq şəkildə tələb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
O qeyd edib ki, dövlətimiz beynəlxalq hüququn prinsiplərindən çıxış edərək münaqişələrin həlli üçün hər zaman sülh variantını üstün tutub. Ona görə də torpaqlarımızın sülh yolu ilə azad olunması üçün təxminən 30 il ərzində bütün diplomatik vasitələrdən istifadə etdik. Eyni zamana, Vətən müharibəsində qazandığımız Qələbədən də dərhal sonra sülh danışıqlarının vacibliyini bildirdik. Regionda davamlı sülhün təmin olunması üçün Ermənistana sülhün prinsipləri göndərildi. Regionun iqtisadi, tranzit imkanlarından istifadə olunması üçün Ermənistana və digər qonşu dövlətlərə birgə əməkdaşlıqlar təklif olundu.
“Prezident İlham Əliyev müsahibə və çıxışlarında, Ermənistan rəhbəri ilə görüşlərində müharibənin nəticələrinin aradan qaldırılması, əsir və girovların qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, sərhədlərin müəyyənləşdirilməsi və ümumiyyətlə, regionda sülhün təmin edilməsi üçün Azərbaycan tərəfinin hazır olduğu dəfələrlə bəyan edib.
Ermənistanın qeyri-konstruktiv yanaşması isə davam edir. Ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı siyasətinə baxdıqda öhdəliklərinə əməl etməməyə çalışdığını görürük. Birinci Qarabağ müharibəsinin gedişində Rusiyanın, İranın, Qazaxıstanın və ATƏT-in vasitəçiliyi ilə dəfələrlə atəşkəs razılaşması əldə edilmişdi, amma bu, hər dəfə Ermənistan tərəfindən pozulurdu. İşğal edilmiş torpaqların Azərbaycana məxsus olması və həmin ərazilərdən Ermənistan silahlı birləşmələrinin çıxarılması barədə BMT-nin 4 qətnaməsinə 30 ilə yaxın müddətdə İrəvan tərəfindən əməl olunmadı. İndi də üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən imtina etməyə, müxtəlif bəhanələrlə müddəti uzatmağa çalışır. Halbuki, regionda sülhün təmin olunması, əlaqələrin qurulması Ermənistana daha çox lazımdır. İqtisadi baxımdan dalana dirənən, beynəlxalq layihələrdən kənarda qalan, iqtisadiyyatı tənəzzülə uğrayan, əhalisi ümidsizliyə düçar olan Ermənistanın nicat yolu, inteqrasiyası regionda sülhün bərpasından, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından asılıdır”, - deyə Y.Hacızadə vurğulayıb.
Partiya sədrinin müavini, həmçinin deyib ki, üçtərəfli Bəyanatın vacib şərtlərindən biri də ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz vasitəsilə müxtəlif kommunikasiya xətlərinin açılması nəzərdə tutulsa da, Ermənistan bundan da boyun qaçırmağa çalışır. Zəngəzur dəhlizi böyük tranzit imkanlarına malik, Şərqlə Qərbi birləşdirəcək strateji körpüdür. Dəhlizin açılması ilə Ermənistanın da qısa yollarla Avropaya və beynəlxalq dənizlərə çıxmaq imkanı yaranır.
Ermənistanın ikitərəfli danışıqlardan yayınaraq Minsk qrupunu bərpa etmək istəkləri dolayısı ilə sülhün yaranmasını istəməməsidir. Minsk qrupu 30 illik fəaliyyəti nəticəsində münaqişənin həlli istiqamətində demək olar heç bir ciddi addım atmadı. Əksinə, həmsədr ölkələrin tərəflərə təsir imkanları yaranıb, müxtəlif maraqların toqquşması meydana çıxıb.
O əlavə edib ki, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistanın Qarabağın statusu məsələsini qabartması onun özünün suverenliyini təhlükə altına salacaq haldır. Əlbəttə ki, bu məsələnin qarşılığında Azərbaycan tərəfi haqlı olaraq Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın geri qaytarılmasını və onlara statusun verilməsini tələb edə bilər.
Prezident İlham Əliyev Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı son çıxışı xəbərdarlıqdır və Ermənistan tərəfi bunu nəzərə almaq məcburiyyətindədir.

Siyasət 2022-07-23 19:23:00