×
A
A
A
Sazlamalar

Yaponiya portalı Azərbaycan Prezidentinin Milli Mətbuat Günü ilə bağlı müraciətini yayıb

Tokio, 23 iyul, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuat günü ilə əlaqədar media nümayəndələrinə müraciətinin mətnini yayımlayıb.
AZƏRTAC-a istinadla yapon və ingilis dilində yayılan məlumatda Prezident İlham Əliyevin milli informasiya resurslarının potensialının və qlobal informasiya şəbəkəsində mövqelərin gücləndirilməsinin başlıca vəzifə olduğunu vurğuladığı Yaponiya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Müraciətin mətnində dövlətimizin başçısının Azərbaycan Respublikasının müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlət olduğunu bildirdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir.
Müraciətdə 2020-ci ilin sentyabrından noyabrınadək davam edən Vətən müharibəsi zamanı Azərbaycan mediasının informasiya cəbhəsində layiqli mübarizə apardığı, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynadığı qeyd edilib. Bildirilib ki, ölkəmizin media resursları Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdiyi misli görünməmiş vəhşilikləri və vandalizm aktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini bundan sonra da yorulmadan davam etdirəcək.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Siyasət 2022-07-23 18:36:00