×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə: Gürcüstanda yaşayan soydaşlarımızla bağlı xüsusi proqramlar var

Tbilisi, 23 iyul, AZƏRTAC
Gürcüstan ən ağır günlərdə Azərbaycanın yanında olub. Biz bunu 44 günlük Vətən müharibəsi dövründə də gördük. Gürcüstan öz ərazisindən və hava məkanından ermənilərin silah daşımasına imkan vermədi və bununla minlərlə insanın həyatı xilas olundu.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstana səfərinin yekunları ilə əlaqədar keçirdiyi brifinqdə deyib.
Gürcüstana patriarx II İlyanın dəvəti əsasında gəldiyini vurğulayan QMİ sədri Tbilisidə Gürcüstanın Prezidenti, Baş naziri və parlament rəhbərliyi ilə keçirdiyi görüşlərin nəticələrini yüksək qiymətləndirib. Bildirib ki, bu cür səfərlər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə və münasibətlərimizin dərinləşməsinə xidmət edir.
A.Paşazadə II İlyanın Azərbaycana olan münasibətini də xüsusi qeyd edib: “O, dostluğa, qardaşlığa sadiq insandır. O, həmişə mənim yanımda olub, bizə dəstək verib. Xüsusən Qarabağın, Azərbaycan torpaqlarının azad olunması ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində bizi dəstəkləyib. Ona görə də Azərbaycan dövləti və rəhbərliyi ona çox böyük önəm verir”.
Hacı Allahşükür Paşazadə qeyd edib ki, patriarx hər zaman Gürcüstanda yaşayan müsəlmanlarla bağlı məsələlərə də dəstəyini verib. Azərbaycan və Gürcüstan arasında dini-mədəni əlaqələr inkişaf edir.
Şeyxülislam azad olunmuş ərazilərin mina xəritələrinin Ermənistandan alınmasında Gürcüstanın göstərdiyi yardımın qardaşlıq nümunəsi olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstan ərazisindən keçən neft-qaz boruları bizim və Gürcüstan xalqı üçün çox önəmlidir. Bu iki dövlət arasında gələcəyə inamı göstərir.
QMİ sədri Gürcüstandakı soydaşlarımızın problemlərinin də diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstandakı müsəlman icması və soydaşlarımızla bağlı proqramlar var. Bu proqramlarla burada yaşayan müsəlmanlara kömək nəzərdə tutulub.
A.Paşazadə ümumilikdə səfərin nəticələrini yüksək qiymətləndirib, bu cür səfərlərin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Din 2022-07-23 18:14:00