×
A
A
A
Sazlamalar

“Konya-2021” beşinci İslam Həmrəyliyi Oyunlarının piktoqramları Çatalhöyükdəki qədim divar rəsmlərinə uyğun hazırlanıb

Bakı, 23 iyul, AZƏRTAC

Avqustun 9-dan 18-dək Konyada təşkil olunacaq beşinci İslam Həmrəyliyi Oyunlarının piktoqramları hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Oyunlarda istifadə olunacaq piktoqramlar Türkiyədə qədim insan məskənlərindən hesab edilən Çatalhöyükdə 10 min il əvvəl çəkilmiş divar rəsmlərindən ilhamlanaraq tərtib olunub.
İnsanlıq tarixinin ilk məskunlaşma yeri olaraq qəbul olunan Çatalhöyük bu günədək tapılmış ən qədim və Yeni Daş dövrü abidəsidir. Həmin məkan 1958-ci ildə Ceyms Mellaart tərəfindən kəşf edilib, ilk qazıntılar 1961-1963-cü və 1965-ci illərdə aparılıb. 1993-cü ildə yenidən başlayan və günümüzədək davam edən tədqiqatlar İan Hodder tərəfindən həyata keçirilir. Konyada yerləşən bu arxeoloji abidə 2012-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
İdmançılar “Konya-2021”də atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Mötəbər yarışa Azərbaycan idmançıları da qatılacaqlar.
Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

 

İdman 2022-07-23 13:13:00