×
A
A
A
Sazlamalar

Diplomatiya Həftəsinin bağlanış mərasimi keçirilib

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Şuşa İli” çərçivəsində Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə iyulun 7–15-də növbəti “Diplomatiya Həftəsi” keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, “Postmünaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri” mövzusuna həsr olunan Həftə çərçivəsində Azərbaycan gənclərinin münaqişədən sonrakı mərhələdə bölgədə yaranmış yeni reallıqlar, müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi, media və digər sahələrdə sülh quruculuğu istiqamətində atılan addımlarla bağlı məlumatlılığının artırılması məqsədilə dövlət rəsmiləri ilə görüşləri, habelə aidiyyəti qurumlara səfərləri təşkil edilib.
Həftə çərçivəsində açılış sessiyasında iştirakçılar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşüblər. Diplomatiya Həftəsinin ilk günündə iştirakçıların, həmçinin Türkiyənin Azərbaycandakı səfirliyində səfir Cahit Bağçı ilə maraqlı görüşü olub.
Növbəti günlərdə Diplomatiya Həftəsinin iştirakçılarının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub. Səfər çərçivəsində onların Vətən Müharibəsi qəhrəmanları, həmçinin Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşü keçirilib. İştirakçıların, həmçinin XİN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərsu” ASC, “Azərişıq” ASC-nin rəsmiləri ilə görüşləri, Milli Məclisə səfəri və deputatlarla görüşü, “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə səfər və sədr ilə görüşü böyük marağa səbəb olub.
Diplomatiya Həftəsinin maraqlı sessiyalarından biri iyulun 9-da iştirakçıların Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin Şuşa şəhərində keçirilən müşavirəsinin işinə qoşulması olub. Gənc diplomatiya könüllüləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər edərək bu ərazilərdə aparılan quruculuq işləri ilə yerindəcə tanış olmaqla yanaşı, Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə ünsiyyət qurmaq imkanı da qazanıblar.
İyulun 22-də Diplomatiya Həftəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Həftənin ümumi dəyərləndirilməsini edib, belə tədbirlərin gənclərin məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov savadlı, hazırlıqlı, vətənini sevən Azərbaycan gəncliyinin mövcud olduğunu fəxrlə qeyd edərək, insan kapitalının ölkəmizin milli sərvəti olduğunu söyləyib və hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə bu gənclərin verəcəyi töhfənin mühüm olduğunu vurğulayıb. Nazir Ceyhun Bayramov, həmçinin bu yaxınlarda Dövlət İmtahan Mərkəzi ilə keçirilən XİN-də işə qəbul imtahanının nəticələrini gənclərlə bölüşüb və tezliklə bir sıra gənclərin XİN-in diplomatları sırasına qoşulacağını məmnunluqla qeyd edib.
Nazir həmin gənclərin Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində aparılan fəaliyyətə yeni nəfəs gətirəcəyini bildirib. Sonda gənclərə tövsiyələrini verən nazir Ceyhun Bayramov ixtisasından, peşəsindən asılı olmayaraq hər bir gəncin öz sahəsinin peşəkarı olmasının cəmiyyətimizə böyük töhfə verəcəyini vurğulayıb.
Daha sonra Diplomatiya Həftəsinin iştirakçılarına xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tərəfindən sertifikatlar təqdim edilib.

Siyasət 2022-07-22 21:25:00