×
A
A
A
Sazlamalar

Beynəlxalq Media Forumunun iştirakçıları Şuşanın görməli yerləri ilə tanış olublar

Şuşa, 22 iyul, Həşim Güləmirov, AZƏRTAC

Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Məlumat verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.
Sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Daha sonda Forum iştirakçıları Cıdır düzündə olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Siyasət 2022-07-22 20:04:00