×
A
A
A
Sazlamalar

Forumun dördüncü panelində “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələr aparılıb VİDEO

Şuşa, 22 iyul, Həşim Güləmirov, AZƏRTAC

Forum çərçivəsində keçirilən dördüncü paneldə “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damjan Krnjeviç Miskoviçin moderatorluq etdiyi paneldə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjonov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Beynəlxalq əlaqələr və strateji planlaşdırma üzrə işçi qrupunun rəhbəri Rasim Bağırov və CBC TV-nin baş direktoru Vüqar Xəlilov çıxış ediblər.
Bu paneldə Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması və Türk Dövlətləri Təşkilatı çərçivəsində media tərəfdaşlığı barədə müzakirələr aparılıb.
Forumun mediadakı yeni trendləri birlikdə müzakirə etmək baxımından əhəmiyyətini vurğulayan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, mətbuatın beynəlxalq əməkdaşlığında uğurları onun peşəkarlığı, jurnalistika ənənələrinə sadiqliyi, yeni texnologiyaların tətbiqi, etibarlı xəbər mənbəyi imicinin qorunması kimi amillərdən çox asılıdır. Sosial media dövründə etibarlı xəbər mənbələrinə ehtiyac durmadan artır. Bu səbəbdən də media qurumları, xüsusən də informasiya agentlikləri xəbər istehsalında təcrübəsi olan, informasiyaları dəqiqliyi ilə seçilən tərəfdaşlarla çalışmağa üstünlük verirlər. Müasir dövrün tendensiyaları da digər tərəfdən mətbuatın beynəlxalq əməkdaşlığının vacibliyini şərtləndirən amillərdən biri kimi çıxış edir.
Media sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərinin KİV-lərin informasiya mübadiləsi aparması və qabaqcıl təcrübələrdən qarşılıqlı şəkildə yararlanması olduğunu vurğulayan A.Aslanov deyib: “Belə yanaşma media orqanlarının təşkilatlanmasına, peşəkarlıqlarının artmasına, mətbuatın problemlərini təhlil etmək üçün konfrans və seminarların təşkili kimi vasitələrdən geniş istifadə etməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan media subyektlərinin beynəlxalq informasiya qurumlarında təmsil olunması önəmlidir. Düşünürəm ki, Azərbaycan mediasının beynəlxalq əlaqələri indi daha fəaldır, daha genişdir. Əminəm ki, media sahəsində həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər mətbuatın beynəlxalq əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək”.
Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan bu qurumun fəaliyyətindən bəhs edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının 44 günlük müharibədən sonra türk dövlətləri arasında ortaq platforma kimi çıxış etməsi müasir geosiyasi reallıqlar kontekstində onun əhəmiyyətini daha da artırır. Feyk xəbərlərin yayılmasının qarşısının alınmasının vacib olduğunu vurğulayan layihə direktoru deyib: “Dezinformasiya ilə mübarizədə mediaya daha çox dəstək vermək lazımdır. Bunun üçün də media qurumlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinə diqqətin artırılması indi daha vacib rol oynayır”.
Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjonov paneldə türkdilli dövlətlər arasında əməkdaşlıqdan danışaraq deyib: “Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda güclü KİV ordusu yaranıb. Vətən müharibəsi dövründə Azərbaycanın informasiya savaşında qalib gəlməsində Prezident İlham Əliyevin əsl həqiqətləri beynəlxalq media vasitəsilə dünyaya çatdırması mühüm rol oynadı. Onun verdiyi bəyanatlar, müsahibələr beynəlxalq mediada, sosial şəbəkələrdə geniş yayılırdı. Bu məlumatlar hər yerdə dərc olunurdu. İctimaiyyət də bu prosesləri izləyirdi. Bu, böyük nailiyyətdir. Bizim milli informasiya agentliyimiz UzA AZƏRTAC ilə sıx əməkdaşlıq edir. İnanıram ki, bu, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.
MEDİA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma üzrə işçi qrupunun rəhbəri Rasim Bağırov çıxışında bildirib ki, Azərbaycan media sahəsində əməkdaşlığın qurulmasını prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. O, media sahəsində əməkdaşlığın beynəlxalq münasibətlərdə mühüm rol oynadığını vurğulayıb.
CBC TV-nin baş direktoru Vüqar Xəlilov çıxışında Azərbaycan mediasının İkinci Qarabağ müharibəsi zamanı öz peşəkarlığını nümayiş etdirdiyini diqqətə çatdıraraq qeyd edib: “Bu peşəkarlıq hər kəsə nümunə ola bilər. Digər KİV nümayəndələri də bu təcrübədən yaralana bilərlər. Azərbaycan mətbuatı müharibə zamanı irqçi məqalələr dərc etmədi, qonşu xalqa düşmənçilik münasibəti göstərmədi, yalnız əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı”.
Bununla da Beynəlxalq Media Forumu işini başa çatdırıb.

Siyasət 2022-07-22 19:55:00

Video