×
A
A
A
Sazlamalar

Beynəlxalq Media Forumu çərçivəsində “Azərbaycan mətbuatında Şuşa izi” adlı panel iclası keçirilib VİDEO

Şuşa, 22 iyul, Həşim Güləmirov, AZƏRTAC

İyulun 22-də Şuşada keçirilən Beynəlxalq Media Forumu çərçivəsində “Azərbaycan mətbuatında Şuşa izi” adlı panel iclası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, panel iclası Milli Məclisin deputatı Sevil Mikayılovanın moderatorluğu ilə keçirilib.
Tədbirdə çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Şuşanın milli ideologiyadakı önəmindən, Şuşa ziyalılarının Azərbaycan cəmiyyətindəki böyük rolundan bəhs edib. Bildirib ki, Şuşa milli təfəkkürün formalaşmasının beşiyidir. O deyib ki, Şuşa ziyalıları çar Rusiyasına Şuşanın Azərbaycan torpaqları olması həqiqətini çatdırmağa çalışıblar.
“44 günlük Vətən müharibəsi ilə Ali Baş Komandan Şuşa ziyalılarının ovaxtkı çağırışlarını yerinə yetirdi. Azərbaycan mediası artıq müharibədən yox, Zəfərdən danışır. Bu gün Azərbaycanın media nümayəndələrinin Şuşada toplaşması mətbuatımızın qarşısına yeni vəzifələr qoyur. Qalib Ordu, qalib xalq, qalib Sərkərdə və qalib media. Azərbaycan mediası bu gün qalibdir”, - deyə R.Məmmədov qeyd edib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək ulu öndər Heydər Əliyevin Şuşaya böyük önəm verdiyini bildirib. Deyib ki, bunun nəticəsi olaraq Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb və abidənin açılışında Ulu Öndər şəxsən iştirak edib.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə Şuşanın işğaldan azad olunması barədə danışıb. O, Şuşa ilə bağlı məqalələr, cəbhə bölgəsindən reportajlar, sonda isə Zəfər xəbərləri hazırladıqlarını bildirib. Deyib ki, bu gün Azərbaycan bu bölgəni beynəlxalq əməkdaşlığın mərkəzinə çevirib. Azərbaycan mediası artıq məğlubiyyəti yox, Zəfəri yazır.
“Azad Şuşa” saytının baş redaktoru Kərim Kərimli qeyd edib ki, Şuşa bu günədək haqqında ən çox yazı yazılan şəhərlərdəndir. Şuşa qədər adına şeir qoşulmuş ikinci şəhər yoxdur.
Baş redaktor ilk “Şuşa” qəzetinin fəaliyyətindən danışıb. Bu il qəzetin 90 yaşının tamam olduğunu qeyd edib. Deyib ki, bu qəzet tarixboyu müxtəlif adlarla fəaliyyət göstərib. Erməni vandalları isə “Şuşa” qəzetinin binasını tamamilə dağıdıblar.
Media Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayan İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhi Əbdülhəmid Obada müqəddəs Şuşa torpağında belə bir tədbirdə çıxış etməkdən məmnunluğunu bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məqalələrin müəllifi olduğunu vurğulayan qonaq çıxışında xüsusilə Vətən müharibəsi zamanı ermənilərin demək olar ki, kütləvi şəkildə dezinformasiyalar yaydıqlarını bildirib. O deyib: “İraqda, Suriyada və bir çox ərəb ölkəsində bu münaqişə ilə bağlı yanlış məlumatlar yayılırdı. Erməni lobbisinin təsiri ilə ərəb mediasında Azərbaycanın haqq işi barədə bir sıra yalan məlumatlar yayılmışdı. Vətən müharibəsində xeyli sayda dezinformasiyalar yayılırdı. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri bəzən ərəb mediasında yanlış, təhrif olunmuş şəkildə təqdim edilirdi. Həmçinin ermənilər 44 günlük müharibə zamanı xristian məbədlərinin guya Azərbaycan tərəfindən dağıdılması kimi yalan informasiyaları geniş yayırdılar. Lakin Vətən müharibəsi başa çatdıqdan sonra beynəlxalq ictimaiyyət əsl həqiqətlərin şahidi oldu. Onlar şəhər və kəndlərin, tarixi-dini abidələrin ermənilər tərəfindən dağıdılmasını, yerlə-yeksan olunmasını gördülər”.

Siyasət 2022-07-22 19:18:00

Video