×
A
A
A
Sazlamalar

Şuşada “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusunda müzakirələr aparılıb VİDEO

Şuşa, 22 iyul, Həşim Güləmirov, AZƏRTAC

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumunun ikinci panel iclası “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən panel iclasında çıxış edən Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi Beynəlxalq Media Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Forumun təşkilinə və dəvətə görə AZƏRTAC-a və Medianın İnkişafı Agentliyinə təşəkkürünü bildirən Aleksandru Giboi deyib ki, media nümayəndələrinin qəbul olunmuş normalara - media etikasına əməl etmələri vacibdir.
“Medianın insan həyatında müəyyən trendlərin ortaya çıxmasında vacib rolu var. Media etikası KİV-i dağıdıcı xarakter almaqdan qoruyur. Etik davranışlar olmadan mediadan hər hansı sosial məsuliyyət gözləmək mümkün deyil. Tələbələrin jurnalistika ilə bağlı təhsil almaları, media savadlılığının artırılması önəmlidir. Gənclər bu barədə maarifləndirilməlidir. Jurnalistikanın böyük gücə malik olduğunu onlara göstərmək lazımdır. Gənclər bunun əhəmiyyətini anladıqca biləcəklər ki, onlar cəmiyyətə təsir göstərə bilərlər. Bunun üçün isə media etikasına riayət etmək lazımdır”, - deyə o əlavə edib.
Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev bu gün bu Foruma gələn iştirakçılardan əsas istəyinin diqqəti Qarabağa, işğaldan azad edilmiş ərazilərə yönəltmək olduğunu bildirib. Deyib ki, Qarabağ həqiqətlərinin dünya mediasına çatdırılmasına şərait yaratmaq istiqamətində səylərin göstərilməsi vacibdir.
Sonra çıxış edən Anadolu agentliyinin baş direktorunun müavini Yusuf Özhan deyib ki, müasir dövrdə oxucuların mediaya xərclədiyi zaman çox azdır və bu vaxtı onlar üçün faydalı etmək önəmlidir. Gənc nəsil üçün qəzetçilik anlayışından danışarkən gənclərin düşüncələrinə də diqqət yetirməliyik.
O bildirib ki, feyk xəbərlər cəmiyyətin psixoloji fenomenidir. Oxucuların düşüncəsinin feyk xəbərlərə necə reaksiya verdiyini öyrənərək iş görmək KİV üçün önəmli amillərdən biridir.
“Biz Azərbaycanda bu Foruma qatılarkən 44 günlük Vətən müharibəsini, ovaxtkı fəaliyyətimizi xatırladıq. Biz 44 gün ərzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün davamlı olaraq işlədik. Bu zaman biz feyk xəbərin nə dərəcə böyük təsirə malik olduğuna şahidlik etdik. Feyk xəbərlərlə böyük kütləni ələ almaq mümkündür. Lakin onu da bilmək lazımdır ki, həqiqət hər zaman ortaya çıxır və feyk xəbər verən media orqanlarına qarşı ciddi inamsızlıq yaranır”, - deyə baş direktorun müavini vurğulayıb.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, mediada etik qaydalara riayət olunması cəmiyyətin keyfiyyətli informasiya almaq əmsalını yüksəldir. Müasir dövrdə rəqəmsal inkişaf nə qədər faydalı olsa da, bir o qədər də ziyana yol açır. Etik standartların pozulmasının qarşısını almaq üçün müasir dövrün problemləri sırasında feyk xəbərlər xüsusi qeyd olunmalıdır. Feyk xəbərlərin qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsi, etik kodekslərdə dəyişikliklərin edilməsi, ənənəvi medianın imkanlarının və əhalinin media savadlılığının artırılması vacib amillərdir.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu müasir medianın yeni yaşam tərzinin ən vacib və ayrılmaz hissəsinə çevrildiyini bildirib. Vurğulayıb ki, ənənəvi mediada əsas vacib element sosial məsuliyyət hissinin olmasıdır. İstər beynəlxalq, istərsə də yerli təşkilatların qəbul etdiyi etik qaydalarda sosial məsuliyyət hissi qabardılır. Müasir jurnalistikada dəqiqlik və operativlik yeni medianın ayrılmaz elementlərdir. Yeni mediada isə operativlik prioritet təşkil edir.

Siyasət 2022-07-22 18:32:00

Video