×
A
A
A
Sazlamalar

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin U-17 dünya çempionatı üçün heyəti açıqlanıb

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mundialın ilk 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Ardıcıl ikinci dəfə Avropa çempionu olan millimiz bu yarışda da tam heyətlə iştirak edəcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında dünya çempionatında ölkəmizi Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq), Fəraim Mustafayev (55 kq), Məhəmməd Qasımzadə (60 kq), Əli Əlizadə (65 kq), Davud Məmmədov (71 kq), İsmayıl Rzayev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Məzaim Mərdanov (110 kq) təmsil edəcəklər.

Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov komanda üzvləri ilə görüşərək onlara məsul yarışda uğurlar arzulayıb.

Qeyd edək ki, iyulun 24-də güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Növbəti gün 48, 55, 65, 80 və 110 kiloqram, ayın 26-da isə digər 5 çəkidə yer alan idmançılar mübarizəyə başlayacaqlar. Mundialda I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.

İdman 2022-07-22 16:14:00