×
A
A
A
Sazlamalar

DSX: Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar

Bakı, 22 iyul, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 21-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş dörd bağlama aşkarlanıb.
Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunub. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən dörd nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.
Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən DSX-nin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyənləşdirilib. Fakt üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Azərbaycan Respublikasının vətəndaşı Bərdə rayon sakini 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kiloqram 700 qram olan narkotik vasitəyə (87 kiloqram 700 qram marixuana, 7 kiloqram 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.
Cinayət hadisəsinin digər iştirakçılarının müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Hadisə 2022-07-22 13:00:00