×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə: Ermənistanın din xadimləri gəncləri silahlanmaya, müharibəyə, öldürməyə səsləyirlər

Tbilisi, 21 iyul, AZƏRTAC

Azərbaycan və Gürcüstanın ali dini liderləri hər zaman sülhün tərəfdarı olublar. Hər iki ölkənin ali dini liderləri bunu dəfələrlə bəyan ediblər. Lakin təəssüflər olsun ki, digər qonşumuz Ermənistanın din xadimləri bunun əksini edirlər. Erməni kilsəsi və rəhbərliyi, din xadimləri çox təəssüf ki, revanşizmə çağırışlar edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşdə söyləyib.
QMİ sədri deyib: “Daim pozuculuq fəaliyyəti ilə məşğul olan erməni din xadimləri gəncləri silahlanmağa, müharibəyə və öldürməyə çağırırlar. Bu isə çox böyük təhlükələrə səbəb ola bilər. Onlar tarixdən dərs götürməlidirlər”.
QMİ sədri Ermənistanın zəbt etdiyi ərazilərin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunduğunu, hazırda həmin torpaqlarda böyük sürətlə abadlıq, quruculuq və bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış çox sayda dini abidə var. Azərbaycan dövləti dağıdılmış bütün dini abidələri bərpa edəcək və artıq bu işlərə başlanılıb”, – deyə A.Paşazadə vurğulayıb.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Din 2022-07-21 19:02:00