×
A
A
A
Sazlamalar

FHN: Şamaxı rayonunun Əngəxəran kəndi yaxınlığında baş vermiş yanğın söndürülüb

Bakı, 21 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) - 112 qaynar telefon xəttinə Şamaxı rayonunun Əngəxəran kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının traktor qoşqusundan yerə dağılmış ot bağlaması və yol kənarındakı kol-kosda baş verdiyi və hər an meşəyə keçmə riskinin mövcud olduğu müəyyənləşdirilib.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativliyi sayəsində yanğın qısa müddətdə söndürülərək meşəyə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumilikdə təxminən 1,5 hektar ərazidə quru ot və kol-kos, beş ton ot bağlamasının isə üç tonu yanıb. Ətraf ərazilər, o cümlədən meşə yanğından mühafizə olunub.

Hadisə 2022-07-21 18:47:00