×
A
A
A
Sazlamalar

Cüdoya həsr olunmuş jurnalist müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının (ACF) elan etdiyi Azərbaycanda cüdo idman növünün 50 illik yubileyinə həsr olunmuş jurnalist müsabiqəsinin nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, federasiya nümayəndələrinin, münsiflər heyətinin üzvlərinin, müsabiqə iştirakçılarının və digər idman jurnalistlərinin iştirakı ilə keçirilən tədbirdə qaliblərin adı açıqlanıb.
Nəticələri elan etməzdən öncə ACF-in vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, mətbuat katibi Ülkər Abbasova çıxış edərək media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Bildirilib ki, müsabiqənin təşkil olunmasında məqsəd jurnalistlərlə əlaqələri daha da gücləndirmək, cüdo sahəsinə maraq göstərən jurnalistlərin sayının artmasına töhfə verməkdir. Müsabiqədə iştirak edən bütün jurnalistlərin ACF üçün dost və qalib jurnalistlər olduğu bildirilib. Qeyd edilib ki, iştirakçıların hər biri ilə gələcəkdə müxtəlif layihələrdə sıx əməkdaşlıq ediləcək.
Mükafatlandırma tədbirində bildirilib ki, müsabiqəyə müəyyən olunmuş müddət ərzində (20 may – 10 iyul) 23 material təqdim olunub. Əvvəlcədən də bildirildiyi kimi, 5 nəfərdən ibarət jüri nümayəndəsinin səsverməsi ilə ümumilikdə ən çox xal toplayan ilk 10 iştirakçı qalib seçilməli idi. Reytinqdə 9, 10 və 11-ci yerdə olan jurnalistlər eyni xal topladıqları üçün 11 qalib müəyyən olunub.
Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblər sırasında AZƏRTAC-ın əməkdaşı Leyla Qurbanova da var. Müsabiqənin digər iştirakçılarının hər birinə də təşəkkürnamə və hədiyyələr bağışlanıb.
Jüri nümayəndələri - Gənclər və İdman Nazirliyinin mətbuat katibi, Əməkdar jurnalist Qabil Mehdiyev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu, ATV prezidentinin müşaviri, Əməkdar jurnalist Səadət Məmmədova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, TV jurnalist Ayaz Mirzəyev, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Ağayar Axundzadə tədbirdə çıxış edərək müsabiqəyə təqdim olunmuş yazılar barədə öz fikirlərini bölüşüblər.

İdman 2022-07-21 16:20:00