×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə: Gürcüstan Patriarxı II İlya hər zaman haqqın və ədalətin tərəfində olub

Tbilisi, 21 iyul, AZƏRTAC
Azərbaycanın və Gürcüstanın dini liderləri Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması üçün çox mühüm işlər görüblər. Bizim ali dini rəhbərlərimiz arasındakı dostluq münasibətləri bütün dünya üçün örnəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşdə söyləyib.
O qeyd edib ki, hələ sovetlər dövründə mövcud olmuş çox çətin şəraitdə belə QMİ ilə Gürcüstan Patriarxlığı arasında səmimi dostluq münasibətləri olub. Müəyyən çətinliklərə baxmayaraq, biz bu münasibətləri qoruyub saxlamışıq və daha da inkişaf etdirmişik. Bu gün təkcə dini liderlərimiz və idarələrimiz arasında deyil, ölkələrimiz arasında da siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz yüksək səviyyədədir.
QMİ sədri, həmçinin bildirib: “Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı olaraq dəstəkləyir. Ən ağır dövrlərdə belə patriarx II İlya Qafqazın ağsaqqalı kimi Azərbaycanın yanında olub, Qarabağ münaqişəsi zamanı bizim mövqeyimizi dəstəkləyib. Patriarx II İlya, əslində, bununla haqqın, ədalətin tərəfində olduğunu sübut edib”.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Din 2022-07-21 16:16:00